Abstract

According to the World Health Organization cardiovascular diseases are the main cause of death in our country, as it is in the USA and in the developed countries of the Europe. Coexisting hypertension and diabetes mellitus in the same patient arise the cardiovascular risk. That’s why in this study we tried to investigate the incidence and relationship between hypertension and diabetes mellitus in the patients undergone coronary revascularization. As a result of our research we came to the following conclusions: 1. Co-occurrence of diabetes and hypertension often leads to coronary artery disease and coronary revascularization; 2. When co-occurrence of diabetes and hypertension in spite of coronary revascularization patients should receive the full antidiabetic and antihypertensive treatment.

Cover Letter

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumatlara görə ürək-damar xəstəlikləri (ÜDX) bütün dünyada, o cümlədən ABŞ-da və inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, təəssüf ki, bizim respublikamızda da ölümün əsas səbəblərindən hesab edilir.1 Belə ki, 2012-ci il məlumatlarına əsasən ÜDX səbəbindən 17.5 mln insan ölmüşdür ki, bu da bütün dünyada baş verən ölümlərin 31%-ni təşkil etmişdir. Eynilə ÜDX səbəbindən baş verən ağırlaşmalar da ön mövqelərdə qərar tutmaqda davam edir. Bu qəbildən olan xəstələrin faktik olaraq yarısını Ürəyin işemik xəstəliyi (ÜİX) (son zamanlar xarici ədəbiyyatda bunu ingiliscə Coronary artery disease – CAD və ya Koronar arteriya xəstəliyi – KAX da adlandırırlar) və ya KAX ilə olan xəstələr təşkil edirlər. Yenə də ÜST-nin 2012-ci il məlumatlarına əsasən KAX nəticəsində bir il ərzində 7.4 mln insan öz dünyasını dəyişmişdir. Epidemioloji tədqiqatlar göstərir ki, KAX-ın əmələ gəlməsində əsas rol ateroskleroza məxsusdur ki, onun da inkişafında müxtəlif dəyişdirilə bilən və bilməyən risk amilləri mühüm rol oynayırlar. Bunlara zərərli vərdişlərdən hesab edilən tütünçəkmə, irsi meyllilik, yağ və karbohidrat mübadiləsinin pozulması, hipertoniya xəstəliyi, kişi cinsinə mənsubolma və digər çoxsaylı risk amilləri aid edilə bilər.
Tütünçəkmədən fərqli olaraq HX ilə şəkərli diabet nisbətən sakit irəliləyir və diaqnozu əksər hallarda, demək olar ki, gec qoyulur.  
Belə bir vacib faktı nəzərdən qaçırmaq olmaz ki, ŞD ilə olan xəstələrin dörddə üçü öz həyatlarını KAX səbəbindən itirirlər. 2014-cü ildə 18 yaşdan yuxarı yaşlı əhali içərisində şəkərli diabetin rastgəlmə tezliyi 9% olmuşdur .2 2012-ci il hesablamalarına görə 1,5 mln ölüm birbaşa ŞD səbəbindən baş vermişdir.3 ÜST-nin proqnozuna görə 2030-cu ildə ŞD ölümün 7 əsas səbəbindən biri olacaqdır. 4 Bu xəstələrdə əsas koronar arteriyalar ilə yanaşı mikrokoronar arteriyalarda da ağır aterosklerotik dəyişikliklər törənir. 
Digər tərəfdən, HX olanlarda isə ürək-damar hadisələri 27% daha çox halda baş verir. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, hipertoniya xəstəliyinin proqressivləşmə surəti ilə KAX-nin proqressivləşməsi və ağırlaşmaları arasında düz mütənasib asılılıq müşahidə olunur.
Həmçinin qeyd etmək vacibdir ki, ÜST-nin 2014-cü il məlumatlarına əsasən 18 yaşdan yuxarı yaşlı əhalinin 22%-də yüksək qan təzyiqi vardır. Daha yüksək qan təzyiqinə 30% təşkil etməklə Afrikada, daha aşağı qan təzyiqinə isə 18% təşkil etməklə Amerikada təsadüf edilir. Bu regionda hipertoniya xəstəliyinə kişilərdə qadınlara nisbətən daha çox təsadüf edilir (qadınlarda 16%-ə qarşı kişilərdə 21%).
Əgər HX və ŞD birlikdə rast gəlinirsə onda KAX baş verməsi və inkişafı riski daha da yüksəlir. Məhz bu səbəbdən təqdim etdiyimiz araşdırmada koronar revaskulyarizasiya  aparılmış KAX ilə olan xəstələrdə ŞD ilə hipertoniya xəstəliyinin rastgəlmə tezliyi və onların  arasındakı əlaqəni müyyən etməyə çalışmışıq.

İşin məqsədi: Miokardın revaskularizasiyası aparılmış xəstələrdə şəkərli diabet ilə hipertoniya xəstəliyi arasındakı əlaqənin və onların birlikdə rast gəlinməsi hallarında həmin xəstələrdə baş verə bilən ağırlaşmaların öyrənilməsi.
Cədvəl. Miokardın revaskularizasiyası aparılmış xəstələrdə şəkərli diabeti və hipertoniya xəstəliyi olanların və olmayanların mütləq sayı və %-lə tərkibi

Material və metodlar: Tədqiqata 2002-2012–ci illər ərzində Mərkəzi Klinik Xəstəxanada müalicə almış və koronar revaskulyarizasiya  aparılmış  1688 xəstə cəlb olunmuşdur. Tədqiqata alınan xəstələrin yaşı 24-80 il arasında olmuş və orta yaş  55.5 il  təşkil etmişdir. Şəkərli diabeti olan və olmayan qrupda  yaş səviyyəsi müvafiq olaraq  56.4 və 55.4 il müəyyən edilmişdir.  İki qrup arasında yaşa görə muqayisədə fərq əhəmiyyətli olmamışdır (p=0.079). 

Nəticə və muzakirələr.  
Tədqiqata alınmış 1688 xəstədən 239-u (14.4%) qadın və 1423-ü (85.6%) kişi olmuşdur. Qadın cinsindən olan 239 xəstədən 104-də (43.5%) şəkərli diabetə rast gəlinmiş, 135-də (56.5%)  isə rast gəlinməmişdir.  Kişi cinsindən olan 1423 xəstədən 342-də (24%)  şəkərli diabetə təsadüf olunmuş, 1081-də (76%) isə təsadüf olunmamışdır. Kişilərdə orta yaş 54.9 il, qadınlarda isə 60.4 il təşkil etmişdir. Cinslər arasında yaşa görə statistik əhəmiyyətli fərq müəyyən edilməmişdir (p=0.95).
Tədqiqata  alınan və koronar  revaskulyarizasiya  aparılmasına ehtiyac duyulan KAX ilə olan xəstələrdə onun əsas risk amilləri hesab edilən ŞD ilə HX arasındakı əlaqəni və onların rolunu müəyyən etməyi qarşımıza məqsəd qoymuşduq.   
Xüsusilə qeyd etmək vacibdir ki, KAX ilə olan xəstələrin damarlarında baş verən ateroskleroz prosesinin damarların elastikliyinin azalmasına səbəb olması son illərdə müxtəlif çoxmərkəzli randomizə olunmuş tədqiqatlar və ayrı-ayrı tədqiatçılar  tərəfindən aparılan müxtəlif elmi araşdırmalarla artıq kifayət qədər dəqiq surətdə sübuta yetirilmişdir. Məhz həmin nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, elə bizim apardığımız bu araşdırmada da   tədqiqata cəlb olunmuş 1662 xəstədən 859-da  HX vardır ki, bu da bütün xəstələrin 52.3%-ni təşkil edir. Başqa sözlə desək, buradan belə məlum olur ki, tədqiqata cəlb olunmuş hər üç xəstədən birində ŞD  xəstəliynə təsadüf edildiyi halda, hər iki xəstədən birində HX vardır. Bu isə hər iki risk amilinin bu qəbildən olan xəstələrdə həqiqətən necə yüksək bir tezlikdə rast gəlməsini əyani surətdə sübut edir. Bir daha qeyd etmək yerinə düşərdi ki, tədqiqata alınan 1662 xəstədən 446-da ŞD mövcud olmuş və onun rastgəlmə tezliyi 26.8% təşkil etmişdir. Lakin həmin xəstələrdə bundan fərqli olaraq hipertoniya xəstəliyinin rastgəlmə tezliyi nisbətən daha yüksək olmuş və 52.3% təşkil etmişdir, yəni, demək olar ki, 2 dəfə yüksək olmuşdur.
Şəkil.Miokardın revaskularizasiyası aparılmış xəstələrdə şəkərli diabet və hipertoniya xəstəliyinin rastgəlmə tezliyi.
Aparılan təhlillər göstərmişlər ki, şəkərli diabeti olan və olmayan xəstələr arasında muqayisə apardıqda, şəkərli diabeti olanlarda hipertoniya xəstəliyinin başvermə riskinin 1.7 dəfə daha yüksək olması nəzərə çarpır. Nəzərinizə çatdırmaq istərdik ki, bizim araşdırmamızda aparılan bu müqayisə həm də kifayət qədər yüksək statistik dürüstlüklə müşayiət olunmuşdur: p<0.001. Həmçinin nisbi risk nisbətinin hesablanması göstərmişdir ki, şəkərli diabeti olan xəstələrin  29%-də hipertoniya xəstəliyinin baş vermə ehtimalı vardır.
Miokardın revaskularizasiyasına ehtiyac duyulan (faktik olaraqc  bu xəstələrin hamısında revaskularizasiya aparılmışdır) və yanaşı HX olan  KAX  xəstələrində şəkərli diabetin başvermə ehtimalı 1.8 dəfə  yüksəkdir. Nisbi riski hesabladıqda hipertoniya xəstəliyi olan bu xəstə qrupunda ŞD 52.3% təşkil etmişdir.
Apardığımız tədqiqat bizə aşağıda göstərilən nəticələrə gəlməyə imkan vermişdir:
Şəkərli diabetin və hipertoniya xəstəliyinin birlikdə rast gəlinməsi daha çox hallarda koronar arteriya xəstəliyinin baş verməsinə və koronar revaskulyarizasiya aparılmasına səbəb olur.
Şəkərli diabetin və hipertoniya xəstəliyinin birlikdə rast gəlinməsi hallarında koronar  revaskulyarizasiyanın aparılmasından asılı olmayaraq  xəstələr həm tam keyfiyətli antidiabetik  və həm də tam keyfiyətli antihipertenziv müalicə almalıdırlar. 

 

Figures

Keywords

References

1. http://www.who.int/mediacentre/factsheets/fs317/ru/ Global status report on noncommunicable diseases 2014. Geneva, World Health Organization, 2012.
2. World Health Organization. Global Health Estimates: Deaths by Cause, Age, Sex and Country, 2000-2012. Geneva, WHO, 2014.
3. Mathers CD, Loncar D. Projections of global mortality and burden of disease from 2002 to 2030. PLoS Med, 2006, 3 (11): e442. http://www.who.int/gho/ncd/risk_factors/blood_pressure_prevalence/en/

Article Info:

Publication history

Published: 23.Aug.2014

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Diabetes and its combination with the metabolic syndrome: aspects of the preferential localization of atherosclerotic lesions in the blood-vessel

Viewed: 254