Abstract

The purpose of work was to study the influence of the magnesium preparation on the processes of repolarisation of the myocardium during exercise stress tests with patents who have stable exertional angina. To that end, 45 patents with exertional angina functional class II-III were examined. All patients underwent the treadmill (I) test and by ECG QTcor interval the period of continuation of its dispersion (dQTcor) was determined. After that the magnesium preparation was administered to patients (along with basic treatment). Further to 2 week treatment a repeated (II) treadmill test was held and QTcor and dQTcor intervals were calculated. It was established that the magnesium treatment causes reduction of the electric instability of the myocardium of patients and this is manifested in statistical reduction of QTcor and dQTcor intervals.

Cover Letter

Son illərdə aparılan epidemioloji tədqiqatların nəticələri  qanda maq-neziumun miqdarı ilə ürək–damar xəstəliklərinin risk amilləri arasında sıx əlaqənin olmasını göstərir [1,2]. Bəllidir ki, orqanizmdə maqnezium kalsiumun təbii antoqonistidir və hüceyrə daxili metabolik prosesləri müxtəlif səviyyədə tənzim edir. Buraya sitoplazmada,  sitoplazmatik retikulumda, mitoxondriumlarda və miofilamentlərdə gedən prosesləri aid etmək olar. Bununla yanaşı Mg++ ionları hüceyrə membranında yerləşən kalium və kalsium ionları kanallarının işinə nəzarət edir və bununla da miokardın elektrik sabitliyini təmin edir, ürək ritmini sabitləşdirir [3].

Maqneziumun  defisiti isə müxtəlif  ürək aritmiyalarının əmələ gəlməsinə səbəb olur və bunlardan ən çox təsadüf edilən paroksizmal mədəcik taxikardiyalarıdır (monomorf və “piruet” tipli mədəcik taxikardiyaları) [4]. Maqnezium defisiti zamanı fatal mədəcik aritmiyalarının əmələ gəlməsinin əsas səbəblərindən biri isə EKQ-də QT intervalının uzanmasıdır. Odur ki, bir çox hallarda “piruet” tipli mədəcik taxikardiyalarının müalicəsində maqnezium preparatları uğurla istifadə edilir [5].

Bütün yuxarıda göstərilənləri nəzərə alaraq biz təqdim edilmiş tədqiqat işində maqnezium preparatlarının QT intervalının davam müddətinə olan təsirini öyrənmək qərarına gəldik.
İşin məqsədi- sabit gərginlik stenokardiyası olan xəstələrdə maqnerot preparatının fiziki yükləmə sınaqları zamanı miokardın repolyarizasiya prosesinə olan təsirinin öyrənilməsi olmuşdur.

Material  və metodlar. 
Tədqiqata 45 nəfər II–III funksional sinifli sabit gərginlik stenokardiyası olan xəstə cəlb edilmişdir. Orta yaş 51,5 ± 2,1 il olmuşdur. Bu xəstələrin 29 nəfəri ötən illər ərzində müxtəlif lokalizasiyalı miokard infarktı keçirmişdir. Bütün müayinə edilmiş xəstələrdə II–III dərəcəli arterial hipertenziya və ağır funksional sinifli ürək çatmamazlığı istisna edilmişdir.
Mədəciklərin miokardının repolyarizasiyasının davam müddətinin göstəricilərini qiymətləndirmək məqsədi ilə EKQ-də QT intervalının və onun dispersiyasının korreksiya olunmuş göstəriciləri öyrənilmişdir (QTkor və dQTkor). QTkor intervalının 440 msan–dən və dQTkor-ın isə 50 msan–dən çox olması patoloji göstərici kimi qəbul edilmişdir. QTkor  intervalını hesablamaq üçün Bazett formu-lundan istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, QTkor və dQtkor göstəriciləri həm sakitlikdə və həm də tredmil–test sınağından dərhal sonra təyin edilmişdir ( I tredmil–test). I tredmil–test sınağından sonra bütün xəstələrə Maqnerot preparatı (Worwag Pharma, GmbH, Co.KG, Алмания) təyin edilmişdir. Maqnerotla müalicənin müddəti 2 həftə çəkmişdir (birinci həftə 2 tab x 3 dəfə, ikinci həftə ərzində 1 tab x 3 dəfə). Bu müddət qurtardığdan sonra bütün xəstələrə təkrar- II tredmil–test sınağı aparılmlşdır və eyni zamanda təkrar olaraq QTkor və dQTkorintervalları hesablanmışdır. Maqnerotla müalicə stenokardiyanın bazis müalicəsi fonunda aparılmışdır.

Tredmil–test yükləmə sınağı kompyuterləşmiş “Carello Stress Test Cardioline RHC–500” aparatı vasitəsi ilə yerinə yetirilmiş və R.Brusenin modifikasiya olunmuş protokolu üzrə aparılmışdır.
Alınan nəticələrin statistik təhlili STATİSTİKA 6.0 proqramı vasitəsi ilə aparılmışdır. Orta rəqəmlərin müqayisəli təhlili üçün Manna Uitni, Styudentin t və Pirsonın χ2 kriteriyalarından istifadə edilmişdir. p<0,05 olduqda alınmış nəticə fərqi statistik dürüst sayılmışdır.

Nəticələr və müzakirə.
Aparılmış tədqiqatın nəticələri aşağıdakı cədvəldə göstərilmişdir. Buradan aydın olur ki, maqnerotla müalicədən əvvəl sakitlik vəziyyətində QTkor  intervalının göstəricisi  420,4±8,5 msan, bu intervalın dispersiyası isə orta hesabla  55,1±3,2 msan təşkil etmişdir. I tredmil–test yükləmə sınağından dərhal sonra aparılan hesablamalar göstərdi ki, QTkor  intervalı yükləmə sınağından sonra 30,9 % artaraq  550,6±7,4 msan təşkil etmişdir (p<0,01). Bununla bərabər QTkor intervalının dispersiyası da (dQTkor), tredmil–test sınağından sonra  55,1±3,2 msan-dən  80,6±5,5 msan-yə qədər artmış və bu artım 45,7% təşkil etmişdir (p<0,01). Lakin, maqnerot preparatı ilə aparılan müalicənin sonunda,yəni  II tredmil–test sınağından əvvəl (sakitlik zamanı) QTkor  intervalı 390,5±7,0 msan olub yükləmə sınağının sonunda 465,5± 8,0 msan təşkil etmişdir. Burada isə QTkor intervalının artım göstəricisi cəmi 16,1% təşkil etmişdir. Bu isə öz növbəsində müalicədən əvvəlki artım dərəcəsindən 2,4 dəfə az olmuşdur (p˂0,05). Belə qanuna uyğunluq eyni zamanda QTkor intervalının  dispersiyası üçün də qorunub saxlanılmışdır. Belə ki, dQTkor-un artım göstəricisi I tredmil–test zamanı müalicədən əvvəl 45,7% olduğu halda, maqnerotla aparılan müalicədən sonra dQTkor-un göstəricisi 42,0±2,5 msan-dən 58,4±4,6 msan-yə çatmışdır,yəni II yükləmə sınağından sonra dQTkor-ın artım dərəcəsi 23,8% olmuşdur. Bu isə öz növbəsində maqnerotla müalicədən  əvvəlki göstəricidən 2 dəfə az olmuşdur (p˂0,05).

Tədqiqatın növbəti təhlili daha maraqlı nəticələrin alınması ilə xarakterizə olunur. Bu nəticələr QTkor intervalının və onun dispersiyasının həm sakitlik dövründə və həmdə hər iki tredmil–test sınağından sonra aparılan (maqnerotla müalicədən əvvəl və sonra )  müqayisəli təhlili zamanı aşkar edimişdir. Cədvəldən göründüyü kimi, müalicədən əvvəl sakitlik zamanı QTkor intervalının uzunluğu 420,4±8,5 msan olduğu halda maqnerotla aparılan iki həftəlik müalicədən sonra bu göstərici statistik halında dürüst azalaraq 390,5±7,0 msan təşkil etmişdir (p˂0,01). Başqa sözlə hələ sakitlik halında maqnerotla müalicə QTkor  intervalının 7,1% azalmasına səbəb olur. Hər iki tredmil–test sınağı zamanı QTkor intervalının davam müddətinin müqayisəsi isə göstərdi ki, müalicədən sonra bu intervalının uzunluğu 550,6±7,4 msan-dən (müalicədən əvvəl) 465,5±8,0 msan-yə enmişdir. Başqa sözlə maqnerotla aparılan müalicədən sonra bu intervalın artım faizi 15,5% statistik dürüst azalmışdır (p˂0,05). QTkor intervalının, dispersiyasının göstəriciləri də (dQTkor) analoju dəyişikliyə məruz qalmışdır. Belə ki, sakit halda (müalicədən əvvəl) dQTkor 55,1±3,2 msan olduğu halda, maqnerotla müalicədən sonra isə bu göstərici 42,0±2,5 msan-yə qədər azalmışdır, yəni bu azalma 23,7% təşkil etmişdir (p˂0,05). Hər iki tredmil–test sınaqlarından sonra isə bu göstərici 80,6±5,5 msan-dən 52,4±4,6 msan-yə qədər,yəni 40,0% azalmışdır (p<0,01).
Tədqiqatın nəticələri bir daha onu göstərir ki, gizli gedən miokardın elektrik qeyri sabitliyi fiziki yükləmə sınağları zamanı, yəni miokardın oksigenə olan təlabatının artdığı vaxtda bir daha özünü qabarıq şəkildə biruzə verir. Beləki, miokardın elektrik qeyri–sabitliyinin EKQ-də obyektiv göstəriciləri olan QTkor intervalının və onun dispersiyasının davam müddətlərinin yükləmə testləri zaman uzanması  baş verir. Alınmış bu nəticələr bizim və digər müəlliflərin əvvəlki tədqiqatlarının nəticələri ilə üst–üstə düşür [6]. Məsələn, belə tədqiqatlardan birində göstərilir ki, maqnezium orotatın tətbiqinin effektliyi öyrənilərkən müəyyən edilmişdir ki, 12 aylıq müalicədən sonra xəstələrdə klinik yaxşılaşma ilə bərabər EKQ-də QT intervalının dispersiyasının iki dəfə, mədəcik ekstrasistolaları ilə gecikmiş potensialların 30% azalması təsadüf edilmişdir. Plasebo qrupunda isə əksinə, dQTkor-ın davam müddətinin uzanması və gecikmiş potensialların miqdarının arması müşahidə edilmişdir [7].

Maqnerot preparatının tərkibində olan orot turşusu isə pirimidinin biosintezində  iştirak edən maddələrdən biridir. Orot turşusu eyni zamanda miositlərə mineralların nəqlini təmin edir və kardiomiositlərin işemiyaya olan müqavimətini artırır [8]. Bundan başqa maqnezium orotatın kalium kanallarının hemeostazında iştirak etməsi və kaliumqoruyucu təsirə malik olması haqqında da məlumatlar mövcuddur [9]. Bununla əlaqədar olaraq belə ehtimal etmək olur ki, tərkibində maqnezium olan preparatların ürəyin işemik xəstəliyinin bazis müalicə ilə yanaşı təyin edilməsi gələcəkdə baş verə biləcək fatal ürək aritmiyalarının profilaktikasında mühüm rol oynaya bilər. 

Nəticələr.
1. Sabit gərginlik stenokardiyası olan xəstələrdə fiziki yükləmə sınağları zamanı EKQ-də miokadın elektrik qeyri sabitliyinin təzahürü olan QTkor intervalının və onun dispersiyasının statistik dürüst uzanması baş verir.
2. Belə xəstələrin standart bazis müalicəsi zamanı maqnerot preparatının tətbiq edilməsi miokardın elektrik qeyri sabitliyinin qarşısını alır və bu özünü həm sakitlik və həm də fiziki yükləmə sınağları zamanı EKQ-də QTkor intervalının və onun dispersiyasının artım dərəcəsinin dürüst azalması ilə biruzə verir.  

 

Figures

Keywords

References

1. Kupetsky-Rincon E.A., Uitto J. Magnesium:novel applications in cardiovascular disease a review of the literature. Ann Nutr Metab 2012; 61:102–110.
2. Bo S., Pisu E. Role of dietary magnesium in cardiovascular disease prevention insulin sensitivity and dialetes. Current Opinion in lipidology 2008; 19:50–56.
3. Трисветова Е.Л. Дефицит магния и сердечно–сосудистые заболевания: время действовать. Рациональная фармакотерапия в кардиологии 2014; 10:99–105.
4. Роль магния и калия в комплексной терапии коморбидного больного. Лечащийврач 2014; 7:82–86.
5. Shechter M. Magnesium and cardiovascular system. MagnesRes 2010; 23:60–72.
6. Абдуллаев Р.Ф. Нарушения ритма сердца и факторы риска электрической нестабильности миокарда. Баку 1994; стр.443.
7. Степура О.Б., Остроумова О.Д. Применение пероральных препаратов магния для лечения сердечно–сосудистых заболеваний. РМЖ 2010; 3:109–112.
8. Громова И.А., Калачева А.Г., Торшин И.Ю. и др. Калийсберегающиесвойствамагния. Кардиология 2013; 10:38–48.
9. Tokimasa T., Akash T. Cyclic AMP regulates an inward rectifying sodium-poratasium current indissociated bull-frog sympathetic neurons. J.Physiol 1990; 420:409–429.     

 

Article Info:

Publication history

Published: 31.May.2016

Copyright

© 2013-2025. Azerbaijan Society of Cardiology. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Relationship of clinical aspects of arterial hypertension with carriage of genetic polynorphismis of integrin and fibrinogen genes in Azerbaijanians

Viewed: 409