Abstrakt

Tədqiqatın məqsədiürəyin işemik xəstəliyi (ÜİX) zamanı koronar angioqrafiyaya məruz qalmış xəstələrdə ürəyin funksional göstəriciləri ilə qalxanabənzər vəzin funksiyası arasında qarşılıqlı əlaqənin aydınlaşdırılmasıdır.ÜİX diaqnozu qoyulan 101 xəstə koronar angioqrafiya invaziv müdaxiləsinə məruz qalmışdır.Xəstələrin qan zərdabında aşağı sıxlıqlı lipoprotein səviyyəsi (ASLP), triqliseridlər (TQ) və tireoid stimullaşdırıcı hormon (TSH) səviyyəsi yoxlanılmışdır.Bununla yanaşı, ürəyin exokardioqrafiyası nəticəsində alınmış göstəricilər tədqiqata daxil edilmişdir.Nəticədə xəstələr cinsə və TSH miqdarına görə qruplara bölüşdürülmüş və bu qruplarda TSH, ASLP və TQ göstəriciləri müqayisə edilmişdir.Koronar angioqrafiyanın nəticələrindən asılı olaraq xəstələrdə TSH, ASLP və TQ səviyyəsinin müqayisəli nəticələri, daralmaya məruz qalan damarların sayı ilə bunların qarşılıqlı əlaqəsi aydınlaşdırılmışdır.

Əsas mətn

Qalxanabənzər vəz xəstəlikləri yalnız şəkərli diabetdən sonra ikinci olmaqla dünyada ən çox yayılmış endokrin xəstəliklərdəndir [1]. Vəzin ifraz etdiyi hormonlar maddələr mübadiləsinin mühüm modulyatorlarından hesab edilir. Tireoid hormonlar lipidlərin sintezinə, mobilizasiyasına və parçalanmasına təsir etmək qabiliyyətinə malikdir, bu zaman parçalanmaya göstərdiyi təsirlər sintezə göstərdiyi təsirdən daha üstündür [2]. Nəticədə isə tireoid disfunksiyası, xüsusən də hipotireoidizm dislipidemiya ilə assosiasiya olunur, bu da endotelial disfunksiya, arterial hipertenziya və ürək-damar xəstəlikləri riskini artırır. Tireoid hormonlar ürək-damar sisteminə çoxsaylı təsir xüsusiyyətlərinə malikdir, buraya ürəyin yığılma qabiliyyətinə, elektrofizioloji funksiyalara və ürək strukturuna göstərdikləri təsirləri aid etmək olar [3, 4, 5 ]. Əlavə olaraq, damar tonusu, lipidlərin səviyyəsi və oksigenin mənimsənilməsi də tireoid statusa bağlıdır. Ürək yığılması ilə əlaqədar, tireoid hormonlar sistolik yığılmanın tezliyini və gücünü  və diastolik boşalmanın tezliyini stimulə edir [5]. Elektrofizioloji effektlərdən hipertireoid xəstələrində ürəkdöyünmənin artması və sakitlik vəziyyətində taxikardiyanın meydana çıxmasını göstərmək olar.Yüksəlmiş tireoid hormonların davamlı aktivliyi eyni zamanda ürəkdə zülal sintezini sürətləndirir və konsentrik hipertrofiyanın yaranmasına gətirib çıxarır [6, 7].Hipertireoid statusdan eutireoid statusa keçən zaman ürəyin hipertrofiyası da normal ürək konfiqurasiyasına geri dönüş edir.Yüksəlmiş tireoid hormon aktivliyi eyni zamanda arterial damarlarda saya əzələlələrin tonusunun azalmasına və nəticədə ürəkdə postyüklənmədə azalmaya gətirib çıxarır [8].Tireoid hormonlar həmçinin lipid spektrinə də təsirsiz ötüşmür.Hipotiroidizm xolesterin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır, belə ki, ASLP xaric olmasının azalması və səviyyəsinin artması nəticəsində baş verir [9, 10].

Bütün bu deyilənləri nəzərə alaraq qeyd etmək olar ki, ÜİX xəstələrində tireoid statusun qiymətləndirilməsi olduqca yüksək əhəmiyyətə malikdir. Azərbaycanın yod çatışmazlığı  ilə bağlı endemik zona olduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, qalxanabənzər vəz disfunksiyası səhiyyənin qarşısında duran olduqca aktual problemlərdən biridir.  Damarlarda baş verən aterosklerotik prosesin səbəbi kimi qalxanabənzər vəzin disfunksiyasında müşahidə edilən dislipidemiyanı göstərmək olar ki, bu zaman da tac arteriyaların zədələnməsi arasında müəyyən asılılığın olduğunu güman etmək olar. Bu baxımdan, qalxanabənzər vəz hormonlarının koronaroqrafiya məlumatları ilə müqayisəsi olduqca məqsədəuyğundur, belə ki, koronaroqrafiya məlumatları tac arteriyalarında aterosklerotik dəyişikliklərin ağırlığını əks etdirir [16].
Hazırki tədqiqatın məqsədi ÜİX-dən əziyyət çəkən və koronar angioqrafiyaya məruz qalan xəstələrdə tireoid statusun lipid spektrinə və tutulan damarların sayına təsirini qiymətləndirmək və onların arasında qarşılıqlı əlaqəni müəyyən etməkdir.

Material və metodlar: ÜİX-dən əziyyət çəkən və ürəkdə koronar arteriyalardan bir və ya bir neçəsinin daralması ilə koronar angioqrafiyaya invaziv əməliyyatına məruz qalan 101 xəstə 34-90 yaş arasında (orta yaş 61,6±9,86) tədqiqata daxil edilmişdir. Xəstələrin stasionara daxil olmasından sonra  anamnestik məlumatlar toplanmış, laborator və instrumental metodlarla müayinə aparılmışdır. Anket sorğusun yaş, cins, qidalanmanın xüsusiyyəti, siqaretçəkmə, alkoqol qəbulu, arterial hipertoniyanın və şəkərli diabetin mövcudluğu, ailəvi ürək-damar anamnezi və s. məlumatlar daxil edilmişdir. Obyektiv müayinəyə arterial təzyiqin hər iki qolda ölçülməsi, antropometrik göstəricilər (boy və çəkinin ölçülməsi) daxil edilmişdir.

Laborator analizlərdən qanın müayinəsi əsnasında qan zərdabında aşağı sıxlıqlı lipoproteinlər (ASLP), triqliseridlərin (TQ) səviyyəsi və tireoid stimullaşdırıcı hormonun (TSH) səviyyəsi yoxlanılmışdır. Normada qan zərdabında TSH miqdarı 0,3-4,0uU/ml arasında, ASLP <2,6 mmol/l, TQ <1,7 mmol/l səviyyəsində olur. İnstrumental müayinə metodlarından ürəyin exokardioqrafik müayinəsi aparılmış və ürəkdə qlobal və lokal hipokinez və akinez, sağ və sol mədəciyin hipertrofiya əlamətləri, ürəyin atım fraksiyası və digər göstəricilər qeydə alınmışdır.

Koronar angioqrafiya invaziv müdaxiləsindən sonra alınan nəticələr laborator analizlərdən alınmış nəticələrlə müqayisə edilmişdir.Alınmış nəticələrin statistik işlənməsi Microsoft Office Excel proqramı vasitəsilə həyata keçirilmişdir.Proqramın köməkliyi ilə alınmış nəticələrin orta göstəriciləri və standart deviasiya göstəriciləri, minimum və maksimum göstəriciləri hesablanmış, korrelyasion analizi aparılmışdır.Nəticələrin orta göstəriciləri arasında fərqlərin dürüstlüyü Studentin t-kriteriyası vasitəsilə hesablanmışdır. Fərqlilik p<0,05 olduqda, statistik əhəmiyyətə malik olmuşdur.

Nəticələr və müzakirə: 101 xəstə, 34-90 yaş arasında (orta göstərici 61,48±9,79) koronar angioqrafiya müdaxiləsinə məruz qalmışdır. Bunlardan 68  nəfəri kişi (67,33%), 33 nəfəri isə qadındır (32,67%). Xəstələrdə tireoidstimullaşdırıcı hormon, aşağı sıxlıqlı lipoproteinlər (ASLP) və triqliseridlərin (TQ) qan plazmasında miqdarı yoxlanılmışdır. Aşağıdakı cədvəldə ümumi xəstə qrupunda, qadın və kişi qruplarında alınmış nəticələr verilmişdir (bax cədvəl 1).
Cədvəldən göründüyü kimi, xəstə qruplarında ASLP və TQ göstəriciləri normadan yüksək qeydə alınmışdır. Bu göstəricilər xəstələrin kardiovaskulyar xəstəliklərin yüksək riskinə malik olduğuna dəlalət edir. Kişi qrupunda TSH orta göstəriciləri qadın qrupuna nisbətən aşağı izlənsə də, hər iki qrupda normadan yüksək müşahidə edilmişdir. ASLP və TQ göstəriciləri isə kişi qrupunda daha yüksək səviyyədə izlənmişdir.  Buna əsaslanaraq demək olar ki, kişilər qadınlarla müqayisədə kardiovaskulyar xəstəliklərin daha yüksək riskinə malikdirlər. 
Xəstələrin exokardioqrafik müayinələrinin nəticələrinə əsasən, 101 xəstədən 65 nəfərində (64,36%) sol mədəciyin hipertrofiyası, qlobal və lokal hipokinez və atım fraksiyasının aşağı olması qeydə alınmışdır. Cəmi 18 nəfərdə yalnız (17,82%%) qlobal və lokal hipokinez, 4 nəfərdə (3,96%) yalnız sol mədəciyin hipertrofiyası qeyd olunmuş və yalnız 7 nəfərdə (6,93%) heç bir pozğunluğa rast gəlinməmişdir. 

101 xəstə arasında TSH yoxlanılması zamanı 53 nəfərdə (52,47%) eutireoid vəziyyət (qalxanabənzər vəzin normal funksional vəziyyəti-TSH 0,3-4uU/ml), 19 nəfərdə (18,81%) hipertireoz və 29 nəfərdə (28,71%) hipotireoz aşkar edilmişdir. Eutireoid xəstələr göstərilən tədqiqatda üstünlük təşkil etmiş, hipotireoidli xəstələrin sayı hipertireodli xəstələrdən daha çox izlənilmişdir. Hipertireoz və hipotireozu olan xəstələrdən yalnız 21 nəfəri qalxanabənzər vəz disfunksiyasına görə müalicə alır. Aşağıdakı cədvəldə eutiroid, hipertireoid və hipotireoid qrupunda xəstələrin qan zərdabında TSH, ASLP və TQ göstəriciləri verilmişdir (bax cədvəl 2):

Alınmış nəticələr onu göstərir ki, eutiroid, hipertireoid və hipotireoid qruplarında TSH göstəriciləri müvafiq olaraq normal, normadan aşağı və normadan yüksək izlənilmişdir, ASLP göstəriciləri hipertireoid qrupunda digər qruplara nisbətən aşağı izlənilmiş, TQ səviyyəsində isə əhəmiyyətli fərq müşahidə edilməmişdir. Hər üç qrupda ASLP və TQ səviyyəsi yüksək qeydə alınmışdır. Ümumi xəstələr arasında ASLP və TQ arasında korrelyasiya koeffisenti r=0,3, TSH və ASLP arasında korrelyasiya koeffisienti r=0,32 bərabər olmuşdur, yəni zəif korrelyasiya səviyyəsinə malik olmuşlar. Qalan göstəricilər arasında korrelyasion asılılıq izlənilməmişdir. Eutireoid xəstə qrupunda TSH və TQ arasında zəif korrelyasion asılılıq (r=0,23), hipotireoid xəstə qrupunda TSH və ASLP arasında orta dərəcəli korrelyasion asılılıq (r=0,36), ASLP və TQ arasında orta dərəcəli korrelyasion asılılıq (r=0,4) müşahidə edildi.
Koronar angioqrafiya invaziv müdaxiləsinə məruz qalmış 101 xəstədən 8 nəfərində (7,92%) 1 damar daralması, 12 nəfərində (11,88%) 3 damar daralması, 29 nəfərdə (28,7%) 4 damar daralması, 47 nəfərdə (46,5%) 5 damar daralması, 4 nəfərdə (3,96%) 6 damar daralması və yalnız 1 nəfərdə (0,99%) 7 damar daralması müşahidə edilmişdir. Aşağıdakı cədvəldə eutireoid, hipertireoid və hipotireoid qruplarında koronar angioqrafiyada aşkar edilən damar daralmalarının rastgəlmə tezliyi göstərilmişdir (bax cədvəl 3):
Göstərilən cədvəldə müxtəlif qruplarda damar tutulmasının rastgəlmə tezliyi arasında korrelyasion əlaqə statistik əhəmiyyətli göstərici səviyyəsinə çatmamışdır (p<0,05). Eutireoid və hipotireoid qrupunda 5 damar daralması, hipertireoid qrupunda isə 4 damar daralması daha çox rast gəlinmişdir.    

Xəstələr daralan damarların sayına görə qruplara bölünmüşdür. Aşağıdakı cədvəldə 1, 3, 4, 5, 6, 7  damar daralması müşahidə edilən xəstə qruplarında TSH, ASLP və TQ orta göstəriciləri və standart deviasiya göstəriciləri verilmişdir:
Alınmış nəticələrə əsasən onu demək olar ki, daralan damarların sayına görə bölüşdürülən xəstə qrupları yalnız TSH göstəricilərinə görə fərqlənmişlər. ASLP və TQ göstəriciləri xəstə qruplarında yüksək izlənilmiş, əhəmiyyətli fərqə malik olmamışdır. 5, 6 və 7 damar daralması olan xəstə qruplarında ASLP və TQ göstəriciləri digər qruplara nisbətən yüksək izlənilmişdir. Buna əsasən təxmin etmək olar ki, dislipidemiyanın səviyyəsi ilə ürəkdə koronar damarlarda müşahidə edilən aterosklerotik prosesin səviyyəsi arasında müəyyən asılılıq vardır. 
Qalxanabənzər vəz disfunksiyası olan xəstələrdə lipid profilinin təsirə məruz qaldığı müxtəlif tədqiqatların nəticələrinə əsasən qeyd edilmişdir [11, 12, 13, 14, 15], ancaq bəzi fərqli nəticələr və şərhlər vardır. Hipotireozda lipid sintezi və parçalanmasında azalma olur, nəticədə parçalanmanın azalması ön planda olduğu üçün lipid artıqlığına və toplanmasına gətirib çıxarır. Lipidlərin parçalanmasının azalmasının  nəticəsi postheparin lipolitik aktivliyin azalması ilə bağlı ola bilər. 

Bizim aldığımız nəticələrə əsasən eutireoid hiper- və hipotireoid xəstə qruplarında dislipidemiyanın dərəcəsi əhəmiyyətli dərəcədə fərqlənməmişdir. Hər üç qrupda xəstələr yüksək kardiovaskulyar riskə malik olmuşdur.
Beləliklə, ÜİX-dən əziyyət çəkən və koronar angioqrafiyaya məruz qalan xəstələrdə qalxanabənzər vəz funksiyasının müxtəlif formada pozğunluğu olduqca daha çox rast gəlinir. Tədqiqatın davam etdirilməsi ÜİX xəstələrində qalxanabənzər vəz disfunksiyasının müalicəsinin dislipidemiyanın dərəcəsinə təsirini müəyyənləşdirməklə əlaqədar məqsədəuyğun hesab edilir.   

 

Şəkillər

Açar sözlər

İstinadlar

1. Heuck CC, Kallner A, Kanasabapathy AS, Riesen W. Diagnosis and monitoring of the disease of the thyroid. WHO Document 2000; 8-9.(1, Nepal).
2. Pucci E., Chiovalto L., Pinchera A. Thyroid and lipid metabolism. Int’l J Obesity 2004; 24: 109-12.  
3. Klein I, Ojamaa K (2001) Thyroid hormone and cardiovascular system. N Engl J Med 344(7):5011-5019. Doi:10.1056/NEJM200102153440707.
4. Kahaly GJ, Dilmann WH (2005) Thyroid hormone action in the heart. Endocr Rev 26(5):704-728. Doi:20.1210/er.2003-0033 Epub 2005 Jan 4.
5. Fazio S, Palmieri EA, Lombardi G, Biondi B (2004) Effects of thyroid hormone on the cardiovascular system. Recent Prog Horm Res 59:31-50. Doi:10.1210/rp.1.31
6. Pantos C, Morouzis I, Markakis K, Tsagoulis N, Panagiotou M, Cokkinos DV (2008) Long term thyroid hormone administration reshapes left ventricular chamber and improves cardiac function after myocardial infarction in rats. Basic Res Cardiol 103(4): 308-318. Doi:10.1007/s00395-008-0697-0 Epub 2008 Feb 15.
7. Gupta MP (2007) Factors controlling cardiac myosin-isoform shift during hypertrophy and heart failure. J Moll Cell Cardiol 43(4):388-403. Doi:10.1016/j.yjmcc.2007.07.045 Epub 2007 Jul 21.
8. Gay R. Lee RW, Appleton C, Olajos M, Martin GV, Morkin E, Goldman S (1987) Control of cardiac function and venous return in thyrotoxic calves. Am J Physiol 252(3 Pt 2):H467-H473.
9. Duntas LH (2002) Thyroid disease and lipids. Thyroid 12(4): 287-293. Doi:10.1089/10507250252949405
10. Palmieri EA, Fazio S, Lombardi G, Biondi B (2004) Subclinical hypothyroidism and cardiovascular risk: a reason to treat? Treat Endocrinol 3(4):233-244. Doi:10.2165/00024677-200403040-00005. 
11. World Health Organization. Regional Office  for  Southeast Asia.   Hypertension fact sheet. Last accessed  at http://www.searo.who.int/linkfiles/non_communicable_diseases_hypertension-fs.pdf  [April  2012] 
12. Teo  KK, Ounpuu S, Hawken S,  et al. INTERHEART  Study  Investigators.  Tobacco use and risk  of  myocardial infarction in 52 countries in the INTERHEART study:  a case-control study.  Lancet. 2006;368(9536):647–658.
13. Imaizumi M., Akahoshi M., Ichimaru S. et al. Risk forischemic heart disease and allcause mortality in subclinicalhypothyroidism. J Clin Endocrinol Metab. - 2004. - Vol. 89.- P. 3365-3370.
14. Rehman S.U., Cope D.W., Senseney A.D. et al.Thyroid disorders in elderly patients. South Med J. - 2005.- Vol. 98. - P. 543-549.
15. Asvold B.O., Vatten L.J., Nilsen T.I., Bjoro T. The association between TSH within the reference range and serum lipid concentrations in a population based study. The HUNT Study. Eur. J. Endocrinol. 2007. Vol. 156. P. 181-186.
16.ВолковаА.Р.,БерковичО.А.,КрасильниковаЕ.И., ДораС.В., ШляхтоЕ.В.. Функциональное состояние щитовидной железыи выраженность коронарного атеросклерозау больных ишемической болезнью сердца  Вестник современной медицины, 2010; Том 3; Вып.2. – С.12-16.

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 31.May.2017

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

2-ci tip şəkərli diabetli xəstələrdə cinsin kardiovaskulyar ölüm riskinə təsiri

Baxılıb: 398