Abstrakt

Məqsəd. 2-ci tip şəkərli diabetli (2TŞD) xəstələrdə hipoqlikemik müalicə sxemlərinin ürək-damar xəstəliklərinin profilaktikasında rolunu öyrənmək. Material və metodlar. 1momentli kliniki-epidemioloji tədqiqata 528 nəfər 2TŞD-li xəstə cəlb edilmiş, "ARİC" sorğu anketi vasitəsilə onlardan qəbul etdikləri antidiabetik müalicə rejimləri, kardiovaskulyar xəstəliklər haqqında məlumatlar alınmışdır. Eyni zamanda ürəyin işemik xəstəliyi (ÜİX), miokard infarktının (Mİ) elektrokardioqrafik (EKQ), sol mədəcik disfunksiyasının exokardioqrafik (ExoKQ) kriteriyaları, EKQ-nin gün ərzində monitorinqi zamanı ritm pozulmaları müəyyən edilmişdir. Nəticələr. Antihiperqlikemik müalicə sxemləri fonunda qlikohemoqlobinin hədəf səviyyəsinə nail olunmamışdır. Müalicə qruplarında müalicə olunmayanlarla müqayisədə öyrənilən patologiyalar arasında statistik əhəmiyyətli fərq aşkar edilməmiş, yalnız sulfonil sidik cövhəri preparatları ilə müalicə fonunda Mİ-nin EKQ və sol mədəciyin diastolik disfunksiyasının (DD) ExoKQ göstəriciləri müalicə qəbul etməyənlərə nisbətən az müşahidə olunmuşdur (müvafiq olaraq χ²=4,92, p<0,05 və χ²=4,15, p<0,05). Kardiovaskulyar patologiyalar içərisində arterial hipertenziya daha çox yayılmış, onun ən aşağı tezliyi hipoqlikemik müalicə qəbul etməyənlərdə, ritm pozulmalarının ən yüksək göstəriciləri isə yalnız pəhriz müalicəsi alanlarda qeyd edilmişdir. ROSE sorğusu vasitəsilə ÜİX daha çox aşkar olunmuşdur. Sorğu zamanı ÜİX-nin simptomları biquanidlə monoterapiyada, EKQ göstəriciləri isə müalicə olunmayanlarda daha yüksək olmuşdur. Sorğu ilə müqayisədə Mİ-nin EKQ kriteriyalarının tezliyi yüksək olmuşdur ki, bu da özünü daha çox müalicə olunmayan xəstələrdə göstərmişdir. DD-nin ExoKQ göstəriciləri xroniki ürək çatışmazlığının kliniki əlamətlərindən 1,7 dəfə çox aşkar olunmuş, ürək çatışmazlığının simptomları metformin qəbul edənlərdə, DD-nin ExoKQ göstəriciləri isə müalicə almayanlarda ən yüksək olmuşdur. Yekun. 2TŞD-li xəstələrdə hipoqlikemik müalicə rejimlərinin ürək-damar xəstəliklərinin profilaktikasında əhəmiyyətli rolu olmamışdır. Ürək-damar ağırlaşmalarının qarşısının alınmasında diabetin multifaktorial idarə olunması mühüm əhəmiyyət kəsb edir.

Əsas mətn

Son dövrlərdə 2-ci tip şəkərli diabetin (2TŞD) əhali arasında yayılması qeyri-infeksion pandemiya xarakterini almışdır. Bu xəstəlik eyni zamanda komorbid patologiya da hesab edilir ki, onların arasında ürək-damar xəstəlikləri (ÜDX) mühüm əhəmiyyət kəsb edir. 2TŞD ÜDX-nin ciddi risk faktoru hesab edilir və diabetli xəstələrin 60%-dən çoxunda kardiovaskulyar patologiya  aşkar olunur. 2011-ci ildə dünyada 588 milyon nəfər diabetlə əlaqədar olan səbəblərdən ölmüşdür ki, bunun da əsas hissəsi ÜDX-nin payına düşmüşdür. Diabet zamanı çox saylı faktorlar aterotromboz riskini artırır. Hal-hazırda 2TŞD ürəyin işemik xəstəliyinin (ÜİX) ekvavalenti kimi qiymətləndirilir ki, sonuncunun profilaktikasına yönəlmiş tədbirlər eyni zamanda diabetə də aid edilir. Əgər 2TŞD-li xəstələrdə heç bir risk faktoru, hədəf orqan zədələnməsi və ÜDX yoxdura, belə xəstələr yüksək, sadalananlardan biri olan diabetli xəstələr isə çox yüksək risk qrupuna aid edilirlər. Hiperqlikemiya, lipid mübadiləsi pozulmaları, arterial hipertenziya (AH) və s. faktorlar 2TŞD-li xəstələrdə ÜDX-nin  əmələ gəlməsinin vacib risk faktorları hesab edilir ki, bu ağırlaşmaların qarşısının alınmasında qlükozanın səviyyəsi ilə yanaşı,  göstərilən patologiyaların da adekvat korreksiyası tələb olunur [1].

2TŞD-li xəstələrdə təyin edilən antihiperqlikemik preparatların ürək-damar təhlükəsizliyinin öyrənilməsinə dair kifayət qədər tədqiqatların aparılmasına baxmayaraq, əldə edilən məlumatlar ziddiyyətlidir [2]. Hal-hazırda istifadə olunan müxtəlif qrupdan olan antidiabetik preparatların hər biri bu və ya digər dərəcədə ürək-damar hadisələri riski yarada bilər. Problemin aktuallığını nəzərə alaraq, ABŞ-ın qida və ərzaq məhsullarının keyfiyyətinə nəzarət təşkilatı (FDA) 2TŞD-nin müalicəsində istifadə edilən hər bir preparatın ürək-damar  təhlükəsizliyi baxımından  qiymətləndirilməsini təklif etmişdir [3]. 

Yuxarıdakıları nəzərə alaraq, tədqiqatın məqsədi 2TŞD-li xəstələrdə müxtəlif antidiabetik müalicə sxemləri fonunda ürək-damar xəstəliklərinin yayılmasının xüsusiyyətlərini öyrənməkdən ibarə olmuşdur. 

Material və metodlar
1 momentli kliniki-epidemioloji koqort tədqiqatında (cross-sectional study) 2TŞD-li 30-69 yaşlı 528 xəstə iştirak etmişdir. Onlar kliniki-epidemioloji tədqiqatların aparılması üçün nəzərdə tutulmuş, modifikasiya edilmiş "ARİC" standart sorğu anketindəki suallara cavab verməklə, qəbul edilən hipoqlikemik müalicə sxemləri, AH, ÜİX, ROSE sorğusuna görə ÜİX (sabit gərginlik stenokardiyası) (ÜİX (ROSE görə)), miokard infarktı (Mİ), ritm pozulmaları, xroniki ürək çatışmazlığı (XÜÇ) və keçirilmiş baş beyin insultu haqqında məlumatlar əldə edilmişdir. 

Sakitlikdə elektrokardioqrafiya (EKQ) 12  standart aparmada “Cardioline” (İtaliya) aparatında çəkilmiş, patoloji Q dişi yaxud QS-in olması, ST seqmentinin elevasiyası və mənfi T dişi (kardiospesifik fermentlərin təsdiqi ilə) Mİ-nin EKQ əlamətləri, mənfi T dişi və ST seqmentinin horizontal yaxud çəp enən depressiyası isə ÜİX-nin EKQ göstəriciləri kimi qəbul edilmişdir. 

EKQ-nin gün ərzində monitorinqi "Toshiba" (Yaponiya) aparatında aparılmış və müxtəlif ritm pozulmaları fiksə olunmuşdur.
Ürəyin transtorakal sonoqrafik müayinəsi zamanı sol mədəciyin normal dolma təzyiqi ilə relaksasiyasının pozulması, psevdonormal mənzərə, yüksək dolma təzyiqi ilə geri dönən və geri dönməyən restriksiya diastolik disfunksiyanın (DD), sol mədəciyin atım fraksiyasının ciddi azalması və son diastolik həcmin artması isə sistolik disfunksiyanın exokardioqrafik (ExoKQ) əlamətləri kimi götürülmüşdür. 

Alınmış məlumatların statistik təhlili variasiya (t-Styudent, Kraskel-Uollis) və diskriminant (χ²-Pirsonun tetraxorik və polixorik meyarı) təhlil üsullarının tətbiqi ilə MS EXCEL-2010 və SPSS-20 proqramlarında aparılmışdır.

Tədqiqatın nəticələri
Tədqiqatın nəticələrindən məlum olmuşdur ki, hipoqlikemik müalicə qəbul etməyən diabetli xəstələrdə (2,7±0,7%, n=14)  qlükozalaşmış hemoqlobin (HbA1c)  7,88±0,69%, yalnız pəhriz müalicəsi alanlarda (3,0±0,7%, n=16) bu göstərici 8,66±1,1%, metforminlə monoterapiya fonunda (4,5±0,9%, n=24) 7,78±0,42%, sulfonil sidik cövhəri (SSC) preparatları ilə müalicə zamanı (23,7±1,8%, n=125) 8,33±0,32%, insulinoterapiya zamanı (24,2±1,9%, n=128) 9,14±0,46%, kombinasiyalı antidiabetik müalicə qəbul edənlərdə (41,5±2,1%, n=219) isə HbA1c-nin səviyyəsi 9,28±0,29% olmuşdur. Göründüyü kimi, ümumilikdə heç bir müalicə taktikasında qlikemiyaya adekvat nəzarət etmək mümkün olmamışdır. 

Məlum olmuşdur ki, AH daha çox insulin müalicəsi qəbul edənlərdə, onun  ən az tezliyi müalicə olunmayan xəstələrdə rast gəlmiş, ÜİX isə daha çox biquanidlə müalicə fonunda, ən az rast gəlməsi isə yalnız pəhriz müalicəsi alanlarda qeyd edilmişdir (cədvəl 1). ÜİX (ROSE görə) adi sorğuya nisbətən təxminən 2 dəfə çox müşahidə edilmiş, bu patologiya daha çox metformin qrupunda, adi sorğudan fərqli olaraq ən az tezlikdə hipoqlikemik müalicə qəbul etməyənlərdə rast gəlmişdir. Sorğuya əsasən, Mİ daha çox müalicə olunmayanlarda, ən az halda metforminlə müalicə fonunda, baş beyin insultu isə daha çox tezlikdə  insulinoterapiya, ən az halda isə SSC ilə monoterapiya qəbul edənlərdə müəyyən edilmişdir. Müxtəlif mono- və kombinasiyalı müalicə qəbul edən xəstələrdə müalicə olunmayanlara nisbətən ürək-damar patologiyalarının rast gəlmə tezliyində əhəmiyyətli fərq aşkar olunmamışdır (p>0,05).

Qeyd꞉ ÜDX-ürək-damar xəstəlikləri,AH-arterial hipertenziya, ÜİX-ürəyin işemik xəstəliyi, ÜİX (ROSE görə)-ROSE sorğusuna əsasən ÜİX, Mİ-miokard infarktı, SSC-sulfonil sidik cövhəri preparatları.
EKQ-nin gün ərzində monitorinqi zamanı xəstələrin 11,6±1,4%-də ritm pozulmaları aşkar olunmuşdur. Onların 71,5±1,7%-də müxtəlif formalı ekstrasistolalar, 0,4±0,4%-də qulaqcıqların titrəməsi, 2,2±1,0%-də qulaqcıqların səyriməsi, 4,0±1,3%-də supraventrikulyar taxikardiya, 1,3±0,8%-də isə ventrikulyar taxikardiya epizodları müəyyən edilmişdir. 
2 saylı cədvəldən göründüyü kimi, müalicə qruplarında müalicə olunmayanlarla müqayisədə qeyd edilən patologiyalar arasında statistik əhəmiyyətli fərq aşkar edilməmiş, yalnız SSC preparatları ilə müalicə fonunda Mİ-nin EKQ və DD-nin ExoKQ göstəriciləri müalicə olunmayanlara nisbətən az rast gəlmişdir (müvafiq olaraq χ²=4,92, p<0,05 və χ²=4,15, p<0,05). 

Qeyd꞉ 2TŞD-2-ci tip şəkərli diabet,XÜÇ-xroniki ürək çatışmazlığı, Mİ (EKQ)-EKQ-yə görə miokard infarktı, ÜİX (EKQ)-EKQ-yə görə ürəyin işemik xəstəliyi, DD (ExoKQ)-ExoKQ-yə görə diastolik disfunksiya,  SD (ExoKQ)-ExoKQ-yə görə sistolik disfunksiya.  

Müzakirə
AH diabetli xəstələrdə daha çox rast gələn yanaşı xəstəliklərdən biri hesab edilir və bu xəstəliyin yayılma tezliyi sürətlə artmaqda davam edir [4]. Bunun səbəblərindən biri kimi, 2TŞD-nin müalicəsində istifadə edilən SSC preparatlarının hipofizə təsir edərək, somatotrop və antidiuretik hormonun sintezini artırması göstərilir [5]. Sorğu əsasında bizim xəstələrdə AH 80,3% xəstədə aşkar edilmiş, hipotenziv müalicə fonunda isə 57% xəstədə arterial təzyiqin hədəf səviyyəsinə nail olunmamışdır ki, bunu da  yüksək neqativ proqnostik əhəmiyyətli göstərici hesab etmək olar. Müxtəlif hipoqlikemik müalicə qruplarında antihipertenziv müalicə fonunda  AH-nin rast gəlmə tezliyində statistik əhəmiyyətli fərq qeyd olunmamışdır. Bu onu göstərmişdir ki, aparılan müxtəlif hipoqlikemik müalicə sxemlərinin AH-nin qarşısının alınmasında ciddi rolu olmamış və bunun səbəblərindən biri kimi  müalicə qruplarının hamısında xəstəliyin gedişinə qeyri-adekvat nəzarətin olmasını göstərmək olar. Baxmayaraq ki, metforminin antihipertenziv effekti sübut olunmuşdur [6], ancaq bizim xəstələrdə biquanidlə monoterapiya və antihipertenziv müalicə fonunda AH-nin yayılma tezliyi kifayət qədər yüksək (62,5%) və yalnız insulinlə monoterapiyadakı göstəricidən (67,2%) az olmuşdur. 

Sübut edilmişdir ki, metformin SSC preparatları ilə müqayisədə KVX riskini əhəmiyyətli dərəcədə azaldır [7]. Bizim tədqiqatda isə əksinə - SSC preparatları ilə müalicə fonunda AH, ÜİX, ÜİX (ROSE görə) və baş beyin insultu hadisələri metforminlə müalicəyə nisbətən az müşahidə edilmişdir.

İnsulin ehtimal ki, ürək-damar xəstəliklərinin baş vermə riskini artırmır [8]. Bizim xəstələrdə isə insulinlə monoterapiya fonunda AH, baş beyin insultu hadisələrinin maksimal, ÜİX və ÜİX (ROSE görə), Mİ-nin isə kifayət qədər yüksək tezlikdə yayılması aşkar olunmuşdur ki, insulinoterapiya fonunda  da xəstəliyin adekvat idarə olunması təmin edilməmişdir. 

ABŞ-da 2013-cü ildə ÜİX-nin rast gəlmə tezliyi 22,3% olmuş [5], bizim populyasiyada isə sorğu əsasında ÜİX-nin aşkar edilməsi ondan az (11,4%) olsa da, ÜİX (ROSE görə) müəyyən olunması Amerikadakı göstərici ilə demək olar ki, eyni (21%) olmuşdur. 
2TŞD eyni zamanda XÜÇ-nin inkişafının da sərbəst risk faktoru hesab edilir. Bu patologiyalar tez-tez birlikdə rast gəlir, biri digərinin gedişini daha da pisləşdirir və diabetli xəstələrdə XÜÇ-dən ölüm və hospitalizasiyanın tezliyi diabeti olmayanlardan yüksək olur.

Dizqlikemiya miokarda neqativ təsir göstərərək diabetik kardiomiopatiyanın əmələ gəlməsini sürətləndirir ki, bu da ilk növbədə özünü diastolik disfunksiya ilə göstərir. Sol mədəciyin diastolik funksiyasının qiymətləndirilməsində isə ExoKQ müayinəsi vacib əhəmiyyət kəsb edir  [9]. Bizim populyasiyada diastolik disfunksiya sonoqrafik olaraq 47% xəstədə aşkar edilmiş və bu Danimarkadakı  [10] göstəricidən (25%) çox olmuşdur. 

Əvvəllər 2TŞD və XÜÇ olan xəstələrdə metforminin laktat-asidoz əmələ gətirmə riskinə görə ilk sıra preparatı kimi istifadəsi məsləhət görülmürdü, ancaq sonralar aparılmış tədqiqatlarda metforminin bu qrup xəstələrdə ölüm və hospitalizasiyanı azaltması sübut edilmişdir [11,12]. Bunun əksinə olaraq, bizim populyasiyada sorğu zamanı XÜÇ-nin əlamətləri və sonoqrafik olaraq diastolik disfunksiya metforminlə monoterapiya fonunda daha çox xəstələrdə müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, XÜÇ olan diabetli xəstələrdə metforminin istifadəsi fonunda ölüm hadisələri azalmış, ancaq insulin və digər antidiabetik müalicələr fonunda bu dəyişiklik olmamışdır [13]. Odur ki, bu sahədə əldə edilmiş son məlumatlar metforminin XÜÇ-nin qarşısının alınmasında rolunun hələlik tam dəqiqləşmədiyini göstərmişdir.

Tiazolidondionlar Na-ni ləngidir və plazma həcmini artırır ki, bu da diabetli xəstələrdə XÜÇ-ni pisləşdirə bilər [14]. Bizm xəstələr arasında yalnız 2 xəstə roziqlitazon istifadə etdiyindən, bu preparatın KVX-nin qarşısının alınması istiqamətdə roluna dair fikir söyləmək çətindir. 
Bizim populyasiyada sol mədəciyin sistolik disfunksiyası sonoqrafik olaraq 2,3% xəstədə aşkar edilmiş və bu göstəricinin ən yüksək tezliyi yalnız pəhriz müalicəsi alanlarda (7,1%) rast gəlmişdir. Bu fonda da qlikemiyanın adekvat nəzarəti təmin edilmədiyindən, ehtimal ki, XÜÇ-nin rast gəlmə tezliyi daha da artmışdır. Odur ki, sistolik disfunksiyanın qarşısını almaq üçün HbA1c-nin səviyyəsinin normallaşdırılması ilə bərabər, komorbid vəziyyətlərin müalicəsi də vacib əhəmiyyət kəsb edir. 

Tədqiqatda iştirak edən diabetli xəstələrin 1/10-də müxtəlif ritm pozulmaları müəyyən edilmişdir. Onların içərisində səyrici aritmiya həyat üçün təhlükəli ritm pozulmalarından biri hesab edilir. Nəzarətimizdə olan xəstələrdə bu göstəricinin rast gəlmə tezliyi 2,2% təşkil etmişdir. Fremingem tədqiqatında səyrici aritmiyaya görə risk şkalasının hazırlanmasında şəkərli diabetbu ritm pozulmasının vacib prediktoru kimi götürülməmiş [15], Nicolas et al. [16] görə isə, diabet yalnız qadınlarda səyrici aritmiyanın sərbəst risk faktoru hesab edilmişdir. Çox mərkəzli tədqiqatın nəticələri göstərmişdir ki, səyrici aritmiya 2TŞD üçün az xarakterikdir, ancaq bu 2 patologiya müştərək olduqda ürək-damar ölümü, baş beyin insultu və ürək çatışmazlığı hadisələri əhəmiyyətli dərəcədə artır  [17]. Səyrici aritmiya diabetli xəstələrdə bir çox hallarda simptomsuz yaxud az simptomlu olduğundan, ritm pozulmasının bu növünün skrininqinin aparılması çox vacibdir.

2TŞD işemik insultun da sərbəst risk faktoru hesab edilir və onun rast gəlmə tezliyi diabeti olmayanlardan 2,5-3,5 dəfə çox müşahidə olunur [18]. Bizim populyasiyada baş beyin insultunun rast gəlmə tezliyi 4,0% təşkil etmişdir. Sübut olunmuşdur ki, işemik insultların 20%-i bilavasitə yuxu arteriyasının zədələnməsi ilə əlaqədar olur [19]. Bizim xəstələrdə isə bu göstərici daha yüksək olmuş, belə ki, onların 58,3%-də sonoqrafik olaraq yuxu arteriyalarının 50-59%, 12,5%-də isə 60-95% stenozu müəyyən edilmişdir. 

Beləliklə, 2TŞD-li xəstələrdə müxtəlif antihiperqlikemik müalicə taktikalarının ürək-damar xəstəliklərinin qarşısının alınmasında əhəmiyyətli rolu olmamışdır. Bu xəstəliklərin baş vermə tezliyinin azaldılmasında hiperqlikemiyanın adekvat korreksiya olunması ilə bərabər, antihipertenziv, hipolipidemik və antitrombositar preparatların düzgün və adekvat dozalarda istifadə edilməsi, xəstələrin müalicəyə riayətkarlığının artırılması, modifikasiya olunan risk faktorlarının neytrallaşdırılması və s. faktorlar mühüm əhəmiyyət kəsb edir.  

Nəticələr
1. Müalicə olunmayan və müxtəlif hipoqlikemik müalicə rejimləri qəbul edən 2TŞD-li xəstələrdə öyrənilən ürək-damar xəstəlikləri və onların instrumental təsdiqlənmiş göstəricilərinin yayılma tezliyində statistik əhəmiyyətli fərq müəyyən edilməmişdir.
2. Ürək-damar xəstəlikləri içərisində AH-nin yayılma tezliyi daha yüksək olmuş, bu patologiya ən az hipoqlikemik müalicə qəbul etməyən xəstələrdə aşkar olunmuşdur. Ritm pozulmalarının maksimal tezliyi isə yalnız pəhriz müalicəsi alanlarda qeyd edilmişdir.
3. Diabetli xəstələrdə ÜİX ROSE sorğusu vasitəsilə daha çox aşkar olunmuşdur. ÜİX-nin kliniki əlamətləri metformin qrupunda, EKQ əlamətləri isə müalicə olunmayan xəstələrdə daha yüksək olmuş, Mİ-nin EKQ əlamətləri sorğuya nisbətən çox aşkar edilmiş və bu özünü daha çox müalicə olunmayan xəstələrdə göstərmişdir.
4. DD-nin ExoKQ əlamətləri XÜÇ-nin kliniki əlamətlərindən 1,7 dəfə artıq müəyyən olunmuş, xəstəliyin simptomları ən çox metformin qrupunda, DD-nin sonoqrafik əlamətləri isə müalicə olunmayanlarda qeyd edilmişdir.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Sharma M., Nazareth I., Petersen I. Trends in incidence, prevalence and prescribing  in type 2 diabetes mellitus between 2000 and 2013 in primary care: a retrospective cohort study. BMJ 2016; 6(1): e010210.
2. Gitt AK., Halle M., Hanefeld M. et al. Should antidiabetic treatment of type 2 diabetes in patients with heart failure differ from that in patients without? Eur J Heart Fail 2012; 14: 1389–1400.
3. Transcript for FDA’s Media Briefing: Guidance Document-diabetes mellitus, evaluating cardiovascular risk and new anti-diabetic therapies to treat type II diabetes. Moderator: Karen Riley. December 17, 2008. 
4. Pantalone KM., Hobbs TM., Wells BJ. et al. Clinical characteristics, complications, comorbidities and treatment patterns among patients with type 2 diabetes mellitus in a large integrated health system. BMJ Open Diabetes Res Care 2015; 3(1): e000093. 
5. Sehra D., Sehra S. Hypertension in type 2 diabetes mellitus: do we need to redefine the role of sulfonylureas? Recent Adv. Cardiovasc. Drug Discov 2015; 10(1): 4-9.
6. Pan Q., Xu Y., Yang N. et al. Comparison of acarbose and metformin on albumin excretion in patients with newly diagnosed type 2 diabetes: a randomized controlled trial. Medicine (Baltimore) 2016; 95(14): e3247. 
7. Tanabe M., Nomivama T., Motonaga R. et al. Reduced vascular events in type 2 diabetes by biguanide relative to sulfonylurea: study in a Japanese Hospital Database. BNC Endocr. Disord 2015; 15: 49. 
8. The ORIGIN Trial Investigators. Basal insulin and cardiovascular and other outcomes in dysglycemia. N. Engl. J. Med 2012; 367(4): 319-28.
9. Seferovic Mitrovic JP., Seferovic PM., Vujisic Tesic B. et al. Predictors of diabetic cardiomyopathy in asymptomatic patients with type 2 diabetes. Int J Cardiol 2012; 156: 219-221.
10. Boonman-de Winter LJ., Rutten FH., Cramer MJ. et al. High prevalence of previously unknown heart failure and left ventricular dysfunction in patients with type 2 diabetes. Diabetologia 2012; 55: 2154-2162.
11. Eurich DT., McAlister FA., Blackburn DF. et al. Benefits and harms of antidiabetic agents in patients with diabetes and heart failure: systematic review. BMJ 2007; 335: 497.
12. Aguilar D., ChanW., Bozkurt B. et al. Metformin use and mortality in ambulatory patients with diabetes and heart failure. Circulation. Heart failure 2011; 4: 53-58.
13. Mac Donald MR., Eurich DT., Majumdar SR. et al. Treatment of type 2 diabetes and outcomes in patients with heart failure: a nested case-control study from the U.K. General Practice Research Database. Diabetes Care 2010; 33: 1213-1218.
14. Home PD., Pocock SJ., Beck-Nielsen H. et al. Rosiglitazone evaluated for cardiovascular outcomes: an interim analysis. N Engl J Med 2007; 357: 28-38.
15. Schnabel RB., Sullivan LM., Levy D. et al. Development of a risk score for atrial fibrillation (Framingham Heart Study): a community-based cohort study. Lancet 2009; 373: 739-745.
16. Nichols GA., Reinier K., Chugh SS. Independent contribution of diabetes to increased prevalence and incidence of atrial fibrillation. Diabetes Care 2009; 32: 1851-1856.
17. Du X., Ninomiya T., de Galan B. et al. Risks of cardiovascular events and effects of routine blood pressure lowering among patients with type 2 diabetes and atrial fibrillation: results of the ADVANCE study. Eur Heart J 2009; 30: 1128-1135.
18. Giorda CB., Avogaro A., Maggini M. et al. Incidence and risk factors for stroke in type 2 diabetic patients: the DAI study. Stroke 2007; 38: 1154-1160.
19. Grau AJ., Weimar C., Buggle F. et al. Risk factors, outcome and treatment in subtypes of ischemic stroke: the German stroke data bank. Stroke 2001; 32: 2559-2566.

 

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 31.Dec.2016

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Metabolik sindromun tərkib hissəsi kimi qeyri-alkoqol mənşəli qaraciyər piylənmə xəstəliyi

Baxılıb: 229