Abstrakt

Xərçəng əleyhinə müalicənin ürək-damar sistemi ağırlaşmaları xərçəng müalicəsinə bağlı kardiovaskulyar toksiklik (XMBKT) adlanır. Miokard disfunksiyası və ürək çatışmazlığı, xərçəng əleyhinə aparılmış müalicələrin xəstəlik və ölümə səbəb olan əsas ağırlaşmasıdır [13]. Bu səbəbdən də, xərçəng əleyhinə aparılan müalicə dayandırılmadan kardiotoksikliyin qarşısının alınması və ya idarə edilməsi üçün, xərçəng xəstələrinin müalicəsində rol oynayan mütəxəsislərin işbirliyi mühüm əhəmiyyət kəsb edir [15]. Bu patologiyadan əziyyət çəkən xəstələrdə ürək-damar sistemi xəstəliklərinin uzunmüddətli proqnozunun öngörülməsi çox çətindir. Çünki, xərçəng xəstələri tipik olaraq kombinə edilmiş xərçəng əleyhinə kimyəvi terapiya, bəzəndə şüa terapiyası qəbul edirlər. Bu da müxtəlif müalicə formaları arasındakı qarşılıqlı təsirə bağlı olaraq, kardiotoksikliyin daha da artmasına səbəb olur [10]. Ürək-damar sistemi risk faktorlarına sahib olan yaşlı qadın xəstələrdə, xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsi nəticəsində erkən ürək çatışmazlığının əmələ gəlməsi riski yüksəkdir [12]. Xərçəng müalicəsinə bağlı yaranmış ürək çatışmazlığının siniflərə ayrılaraq təsnifatının verilməsi, xəstələrin simptomatik olub-olmamasına və sol mədəciyin atım fraksiyası göstəricisinə əsasən aparılmışdır. Simptomatik olan xəstələr də 4 dərəcəli olmaqla təsnif olunmuşdur: Çox ağır - inotrop dəstək və yaxud da mexanik sirkulyasiya dəstəyinə ehtiyacın olması, ürək nəqlinin planlaşdırılması; Ağır - ÜÇ səbəbli hospitalizasiyaların olunması; Orta - ambulator təqib edilən və diuretikə olan ehtiyacında artımlar izlənən xəstələr; Yüngül - yüngül ÜÇ simptomları olan, lakin gərəkli müalicə altında vəziyyəti stabil olan xəstələr. Asimptomatik olan xəstələrdə isə 3 dərəcəli olmaqla təsnifat aparılmışdır: Ağır - yeni yaranan sistolik disfuksiya (SMAF< %40); Orta - yeni yaranan sistolik disfunksiya, SMAF-da ≥%10 azalma ilə %40-49 arasına geriləmə. Yaxud da, yeni yaranan sistolik disfunksiya SMAF<%10 azalma və %40-49 arasına geriləmə ilə birlikdə QLS dəyərində >%15 azalma ilə. Yaxud da kardiak biomarker yüksəkliyinin olması; Yüngül - SMAF≥ 50% və QLS dəyərində 15% azalma və ya yeni yaranan plazma biomarker yüksəkliyi [2]. Antrasiklinlərlə müalicə zamanı yaranan kardiotoksikliklə əlaqəli ən çox qəbul edilən mexanizm oksidativ stress hipotezidir [18]. Ümumiyyətlə, bütün xərçəng əleyhinə tətbiq edilən müalicələrdə ürək çatışmazlığı tipik olaraq müalicənin verildiyi günlər içərisində görülür. Bunlardan sisplatin ve ifosfamid kimi bəzi alkilləyici dərman vasitələri nadir hallarda işemiya ilə bağlı olaraq ardıcıl patofizioloji mexanizm ilə ürək çatışmazlığına səbəb ola bilər. Əvvəlcədən aşkarlanmış miokardial disfunksiyası olan xəstələrdə, bu dərmanların bilavasitə toksikliyindən çox, davamlı maye yüklənməsi ilk və ya təkrarlayan ürək çatışmazlığı epizodlarının səbəbidir. Süd vəzisi xərçəngində daha çox istifadə olunan bir dərman olan docetaxel, digər antrasiklinlər, siklofosfamid və ya trastuzumabla kombinasiya halında, ya da sonra verildikdə ürək çatışmazlığı ehtimalını artırır [11]. Xəstələrdə risk-fayda dəyərləndirilməsi, şişin xarakteristik xüsusiyyətləri ilə birlikdə, həm xəstələrin fərdi risk faktorlarını, həm də müalicənin potensial təsirini təşkil edəcək şəkildə icra edilməlidir [16]. Adyuvant antrasiklinlərlə müalicə edilən xəstələrin müalicədən öncəki başlanğıc kardiak funksiyaları dəyərləndirilməlidir [5]. Başlanğıcda ən az bir kardiak biomarker ölçümü – yüksək həssaslıqlı troponin və ya natriumuretik peptid – düşünülə bilir [4]. Beləliklə, dünya ədəbiyyatlarında araşdırdığımız bütün tədqiqatların nəticələri göstərir ki, bu qrup preparatlardan istifadə zamanı dövri olaraq kardiak biomarkerlərin ölçülməsi olduqca vacibdir. Bu məqalədə, süd vəzisi xərçənginin müalicəsində geniş istifadə olunan antrasiklin tərkibli kombinə olunmuş sxemlərlə kimyaterapiyaya bağlı yaranmış kardiotoksikliyin ürək çatışmazlığı komponentinin qruplararası müqayisəli xarakteristikasından bəhs edilmişdir. Məqsəd: Təqdim edilmiş tədqiqat işinin məqsədi süd vəzisi xərçəngi olan xəstələrdə tətbiq edilən antrasiklin tərkibli sxemlər ilə kombinə olunmuş kimyaterapiyaya bağlı yaranan qruplararası ürək çatışmazlığının xarakteristikası və diaqnostik aspektlərinin qiymətləndirilməsidir. Material və metodlar: Tədqiqata süd vəzi xərçəngi diaqnozu təsdiqlənmiş antrasiklin tərkibli sxemlər ilə kombinə olunmuş kimyaterapiya aparılan kardioloji nöqteyi nəzərdən praktik sağlam olan, 20-65 yaşlı (hamısı qadın cinsi, ortalama yaş 51,5±0,9 yaş olmaqla) 50 və 70 xəstə daxil edilmişdir. Tədqiqat zamanı bütün xəstələrdə prospektiv olaraq kimyaterapiya kurslarına başlanılmazdan əvvəl və kurslar bitdikdən 1 il sonra aparılmış transtorakal exokardioqrafiya müayinə üsulu və kardiak biomarker-NTPROBNP nəticələri və ürək çatışmazlığının xarakteristikası dəyərləndirilmişdir. Nəticələr: Xəstələrdə kimyaterapiya kurslarına başlanılmazdan əvvəl və kurslar bitdikdən 1 il sonra aparılmış klinik musahidə, transtorakal exokardioqrafiya və NT-PROBNP müayinəsinin nəticələri dəyərləndirildikdə xəstələrin əksəriyyətində sol mədəciyin sistolik və diastolik funksiyalarının pozulması aşkarlanmışdır. Yekun: Ürək çatışmazlığı kombinə olunmuş kimyaterapiyaya bağlı yaranan kardiotoksikliyin bir komponentidir. Transtorasik exokardioqrafiya və NTPROBNP ilə erkən olaraq qorunmuş atım fraksiyalı ürək çatışmazlığı askarlana bilər ki, bununlada erkən önəmli qərarlar alınmasını təmin etmək mümkündür.

Əsas mətn


Giriş. Dünyanın inkişaf etmiş ölkələrində  xərçəng xəstəliyi səbəbi ilə ölüm ürəyin işemik xəstəlikləri səbəbindən baş verən ölümlərdən sonra ikinci yerdə dayanır. Son illərdə xərçənglə bağlı ölümlərdə stabil azalma müşahidə edilir ki, bu da xərçəngdən sağ qalanların davamlı artması ilə əlaqələndirilir [14]. Son illərdə xərçəng əleyhinə aparılan  kimyəvi dərman müalicələrinin proqressiv olaraq inkişafı xərçəng xəstələrinin sağqalmasını artırsada, paralel bir şəkildə əlavə təsirlərinə bağlı olaraq xəstəlik və ölüm faizlərini də artmaqdadır [7]. Belə əlavə təsirlərdən biri, xüsusəndə ən önəmlisi ürək-damar xəstəlikləridir. Xərçəngdən sağalan xəstələrdə əsas xəstəliyin müalicəsinə baglı olaraq, yaranmış ürək-damar xəstəliklərinin bu xəstələrdə ölümlə nəticələnməsi bu gündə öz aktuallığını saxlamaqdadır [6]. Xərçəng əleyhinə müalicə üsullarının belə ciddi kardiotoksikliyi bu müalicə üsullarının ya birbaşa təsiri, ya da ürək-damar xəstəliklərinin risk faktorlarına sahib olan xəstələrdə patoloji prossesləri sürətləndirməsi ilə bağlı ola biləcəyi ehtimal edilir [3]. Bu səbəbdən də, son illərdə kardio-onkologiyaya maraq daha da artmaqdadır. Xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsi ilə əlaqədar olaraq ürək-damar xəstəliklərinin  bir çox yönü, xüsusəndə ürək çatışmazlığı ilə ağırlaşması günümüzdə aktual suallarla aydınlaşdırılmanı gözləməkdədir. 2022-ci il Avropa Kardiologiya Cəmiyyətinin (AKC) rəhbər tövsiyələrində  bu mövzu səhiyyə sisteminin çox aktual bir problemi olaraq vurğulanıb və həmin tövsiyələrdə həmçinin bu mövzuda gələcəkdə əlavə tədqiqatların aparılması tövsiyə edilmişdir [2].

Aparılmış tədqiqatda (45) əldə edilən məlumatlar göstərir ki, bisoprolol SMAF-da azalmanı zəiflədir və beləliklədə trastuzumabla aparılan xərçəng əleyhinə müalicənin kəsilməsinin əhəmiyyətli dərəcədə qarşısını alır. Müalicədən əvvəl və ya müalicə zamanı ürək funksiyalarındakı pozulmaların aşkarlanması müalicə planının dəyişdirilməsinə və ya zamanında əlavə müdaxilələrə səbəb ola bilər [8].
Süd vəzisi xərçəngi, əsasən Cənubi Şərqi Asiyada, Avstraliya və Yeni Zelandiyada, ümumilikdə isə bütün dünyada qadınlarda rast gəlinən xərçəng patologiyalarının əsas formasıdır [9]. Süd vəzisi xərçənginin müalicəsi şişin estrogen reseptoru, progesteron reseptoru, insan epidermal böyümə faktoru reseptoru-2, xəstəliyin dərəcəsi kimi spesifik markerlərin istifadəsinə əsaslanır. Cərrahiyyə, kimyəvi dərman müalicəsi və şüa terapiyasının hədəflənmiş müalicə ilə birləşdirilməsi ilə demək olar ki, gəlinən nəticə son iyirmi ildə xeyli yaxşılaşmışdır. Bu tədbirlər nəticəsində orta hesabla 5 illik sağqalma hal-hazırda təxminən 87%-dir [9]. Uzun sürən sağqalma, süd vəzisi xərçəngi müalicəsinin hədəfdən kənar təsirlərinə daha çox diqqət yetirilməsinə səbəb oldu. Aydın olmuşdur ki, əslində ürək-damar sistemi fəsadları xəstələrin bir qrupunda xərçənglə əlaqəli ölümləri üstələyə bilər [1].

Xərçəng xəstəliyinin müalicəsindəki inkişaflara bağlı olaraq süd vəzisi xərçəngi xəstələrinində sağqalma müddətinin uzanması, həmçinin bu sahədə yeni tətbiq edilən müalicə vasitələrinin kardiotoksik təsirləri səbəblərindən günlük kardioloji praktikada kardioloqlar xərçəng xəstələri ilə çox sıx qarşılaşmaqdadırlar. Antrasiklinin kardiotoksikliyi barədə məlumatlar əldə olunmağa başlanıldıqdan sonra HER-2 əsaslı müalicələrin formalaşmasına, yanaşı olaraq tirozinkinaza inhibitorlari ilə əlaqəli kardiovaskulyar toksikliklər barədə məlumatlar əldə olunmağa başlanıldıqdan sonra  da, ümumulikdə, kardio-onkologiya dissiplininin formalaşmasına səbəb olmuşdur [2].

Material və metodlar. Tədqiqat zamanı xəstələrin araşdırılması iki qrup və hər qrupda iki yarımqrup (hər qrupda yaşı 45 yaşa qədər olan və yaşı 45 yaşdan yuxarı olan xəstələrdən ibarət yarımqruplar) şəklində araşdırılmışdır (qrafik 1). 
Tədqiqat qrupu (I qrup) – prospektiv xəstələrdən ibartət olmuş, ilk dəfə süd vəzisi xərçəngi aşkarlanmış 70 nəfər qadın xəstənin məlumatları əsasında təşkil edilmişdir. Bu qrupdakı xəstələr yarımqruplar şəklində (yaşı 45 yaşa qədər olan 21 nəfər xəstə və yaşı 45 yaşdan yuxarı olan 49 nəfər xəstə daxil edilməklə) öyrənilmişdirlər. Bütün xəstələr həm xərçəng əleyhinə müalicəyə başlanlmazdan əvvəl, həm də müalicənin kurslar arası dövrlərində və həmçinin, müalicədən bir il sonrakı dövrdə kardioloji müayinələrdən keçirilmişdirlər.

Nəzarət qrupu (II qrup) – retrospektiv xəstələrdə, kurslar arası dövrlərdə kardioloji müayinələri icra olunmayan süd vəzisi xərçəngi diaqnozu təsdiqlənmiş 50 nəfər qadın xəstənin məlumatları əsasında təşkil edilmişdir. Bu qrupdakı xəstələr də iki yarımqrup (yaşı 45 yaşa qədər olan 10 nəfər xəstə və yaşı 45 yaşdan yuxarı olan 40 nəfər xəstə daxil edilməklə) şəklində öyrənilmişdirlər. Qrupdakı bütün xəstələr də xərçəng əleyhinə müalicəyə başlanılmazdan əvvəl, müalicəni bitirdikdən bilavasitə sonra və müalicəni bitirdikdən bir il sonra ürək fəaliyyətinin qiymətləndirilməsi üçün lazımi kompleks müayinələr aparılmışdırlar. Müayinələr zamanı xəstələr tədqiqatın məqsədinə uyğun olaraq seçilərkən, onların yaşının hansı intervalda dəyişilməsinədə önəm verilmişdir. Belə ki, müayinə olunan xəstələrin məhz 18 yaş ilə 65 yaş aralığında olması əvvəlcədən qarşıya qoyulan seçim kriteriyalarından biri olmuşdır. Ümumilikdə, tədqiqata daxil olan bütün xəstələrin minimal yaş göstəricisi 28 yaş, maksimal yaş göstəricisi 65 yaş və orta yaş göstəricisi isə 51,5±0,9 yaş olmuşdur. Birinci qrupda minimal yaş 28, maksimal yaş 65 və orta yaş göstəricisi isə 51,2±1,2 olmuşdur. İkinci qrup da isə minimal yaş 30, maksimal yaş 65 və orta yaş göstəricisi isə 51,0±1,3 olmuşdur. Cədvəi 1 də tədqiqata daxil edilmiş xəstələrin bütün demoqrafik və klinik göstəriciləri verilmişdir. Cədvəldən də göründüyü kimi qruplar bir-birlərindən yaşa, bədən çəki indeksinə, piylənmə, irsiyyət, siqaret çəkmə və şəkərli diabet kimi risk faktorlarına görə fərqlənməyərək həmcins olmuşdurlar. Qrupların göstəriciləri arasında əldə edilən fərqlər statistik dürüst olmamışdırlar (p>0,05). Tədqiqata daxil edilən xəstələr əvvəlcədən mövcud olan risk faktorlarının xüsusiyyətlərinə görə bir-birlərindən fərqləndirilməyərək hər iki qrupa təsadüfi seçim yolu ilə daxil edilmişdirlər.

Nəticələrin müzakirəsi. Xəstələrdə kimyaterapiya kurslarına başlanılmazdan əvvəl və kurslar bitdikdən 1 il sonra aparılmış klinik musahidə, transtorakal exokardioqrafiya və NT-PROBNP müayinəsinin nəticələri dəyərləndirildikdə xəstələrin əksəriyyətində sol mədəciyin sistolik və diastolik funksiyalarının pozulması aşkarlanmışdır. Xərçəng diaqnozu qoyulmuş xəstələr də biomarkerlər (troponin və NT-proBNP) ürək damar sistemində mövcud ola biləcək risk səviyyəsini dəqiqləşdirmək üçün istifadə edilə bilər. Belə ki, biomarkerlər  sol mədəciyin atım fraksiyasındakı bazal dəyərələrdə azalmaların baş verməsindən daha əvvəl sol mədəciyin sistolik və diastolik disfunksiyalarının subklinik əlamətlərini askarlaya bilərlər. Troponin yüksəkliyinin aparılan kimyəvi dərman müalicəsinin ağırlaşma yaratma riskinin yüksəkliyi ilə əlaqəli olduğuna dair bəzi sübutlar askarlanmaqdadır. Bu səbəbdən də, ilkin troponin səviyyəsi yüksək olan xəstələrdə daha sıx aralıqlarla ölçülməlidir. Yüksək doza kimyəvi dərman müalicəsindən sonra artan troponin ilə müalicədən sonra yarana biləcək ürək damar patologiyaları arasında bir əlaqə mövcud olduğu düşünülməkdədir. NT-proBNP-nin davamlı  yüksəlməsi isə, aşkar olaraq ürək çatışmazlığının yaranma riskinin artmasını göstərən bir parametrdir. Bizim tədqiqatımız zamanı da ürək çatışmazlığının diaqnotikasında önəmli rol oynayan biomarkerlərdən biri olan NT-proBNP-nin davamlı kontrolu aparılmışdır. Bu da bizə ürək çatışmazlığının aşkarlanmasında çox əhəmiyyətli dərəcədə fayda vermişdir. Xüsusən sol mədəciyin diastolik disfunksiyası yaranmış xəstələrimizdə nəçə faizində eyni zamanda diastolik ürək çatışmazlığının yaranmasını təyin etməkdə tədqiqatımızın önəmli diaqnostik meyarı olmuşdur [13]. Tədqiqatımız zamanı kontrol müyinələrin 1 il sonrakı nəticələrinin müqayisəsi zamanı retrospektiv olaraq araşdırılan qrupa daxil olan xəstələrimizdə  NT-proBNP-nin səviyyəsi daha yüksək olmuşdur ki, bunu da həmin qrupa daxil olan xəstələrdə kurslar arası dövr də lazımi kontrol müayinələrin aparılmaması ilə əlaqələndirmək olar. Nəzarət qrupu xəstələrin xərçəng əleyhinə aparılan  kimyəvi dərman müalicəsindən 1 il sonrakı kontrol müayinələri zamanı xəstələrdə laborator müayinələrdən qanda NT pro-BNP səviyyəsinin təyin edilməsi  zamanı bu parametrin qrup üzrə orta göstərici 1126,4±100,7 pg/ml olmuşdur. Əsas tədqiqat qrupu xəstələrində  isə 3-cü kurs xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsindən sonra bu qrupa daxil olmuş xəstələrdən cəmi 1 nəfər xəstədə NT-proBNP səviyyəsi yüksəlmişdir. Bu qrupda 4-cü kurs xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsindən sonra isə 40 nəfər xəstədə isə NT-proBNP səviyyəsi yüksəlmişdir. 5-ci kurs müalicə sonrası isə  qrupa daxil olan 5 xəstədə NT-proBNP səviyyəsi yüksəlmişdir. Tədqiqatın prospektiv araşdırılan əsas qrupunda 21 nəfər xəstə 6 kurs xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsi almışdır. 6-cı kurs xərçəng əleyhinə kimyəvi dərman müalicəsindən sonra xəstələrin 8 nəfərində NT-proBNP səviyyəsi yüksəlmişdir. Bu qrupdan olan 10 nəfər xəstə 7 kurs xərçəng əleyhinə kimyəvi dərman müalicəsi almışdır. 7-ci kurs xərçəng əleyhinə kimyəvi dərman müalicəsindən sonra cəmi 2 nəfər xəstədə isə NT-proBNP səviyyəsi yüksəlmişdir. Əsas qrupa daxil olan xəstələrin xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsinin 8-ci kursundan sonrakı kontrol müayinələri zamanı NT-proBNP səviyyəsi 17 nəfər xəstədə normadan yüksək səviyyədə olmuşdur. Bu qrupa daxil olan xəstələrin xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsindən 1 il sonrakı kontrol yoxlamaları zamanı bütün xəstələrdə qanda NT pro-BNP səviyyəsi təyin edilmişdir. 1 il sonra bu parametrin qrup üzrə orta göstərici 501,0±27,1 pg/ml olmuşdur (pW<0,001). 

Exokardiografiya bütün onkoloji xəstələrdə ürək damar sisteminin dəyərləndirilməsində çox önəmli instrumental müayinə üsuludur. Belə ki, ürək damar sistemində yarana biləcək pozğunluqlara qarşı qoruyucu dərmanların vaxtında başlanılması sol mədəciyin atım fraksiyasının yaxşılaşma ehtimalını artırır və yaranan pozğunluqların inkişaf sürətini azalda bilər [13]. Bizim araşdırmamız zamanıda exokardiografiya müayinə üsulundan geniş istifadə etmişik. Bütün müalicə kurslarından sonra exokardiografiya müayinəsinin aparılması bizə ürək çatışmazlığının vaxtında aşkarlanması üçün  əhəmiyyətli məlumatlar vermişdir.  Beləki, əsas qrupdan olan xəstələrdən 40 nəfərində xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsinin 4-cü kursundan sonra qorunmuş atım fraksiyalı ürək çatışmazlığı yarandığı aşkarlanmışdır. Bu qrupda xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsinin 8-ci kursundan sonra isə xəstələrin əksəriyyətində qorunmuş atım fraksiyalı ürək çatışmazlığı yarandı.
Tədqiqatımızın əsas qrupunda exokardioqrafiya müayinəsi və biomarkerlərin təyin edilməsi zamanı, ürək damar sistemində pozulmalar baş vermiş xəstələrdə zamanında aparılmış müalicə tədbirləri (AÇFİ və beta blokatorlar ilə) nəticəsində nəzarət qrupuna nisbətən daha üstün nəticələr əldə olunmuşdur.Tədqiqatımız zamanı da əsas qrupda bütün kurslar arasında aparılmış kontrol müayinələr və onların nəticələrinə bağlı olaraq ürək çatışmazlığına aid vaxtında aparılmış müalicələr nəticəsində nəzarət qrupuna nisbətən daha az ürək çatışmazlığı yaranmışdır. Beləki, xərçəng əleyhinə aparılmış kimyəvi dərman müalicəsindən 1 il sonra nəzarət qrupuna daxil olan xəstələr arasında 36,6% qorunmuş atım fraksiyalı ürək çatışmazlığı, 54,0% mülayim atım fraksiyalı ürək çatışmazlığı, 5,0% isə azalmış atım fraksiyalı ürək çatışmazlığı yaranmışdır. Tədqiqatımızın əsas qrupuna daxil olan xəstələr arasında isə 52,0% qorunmuş atım fraksiyalı ürək çatışmazlığı və 12,9% mülayim atım fraksiyalı ürək çatışmazlığı yaranmışdır. Beləki, əsas qrupda ürək çatışmazlığı daha zəif inkişaf etmişdir. 

Yekun: Ürək çatışmazlığı kombinə olunmuş kimyaterapiyaya bağlı yaranan kardiotoksikliyin bir komponentidir. Transtorasik exokardioqrafiya və NTPROBNP ilə erkən olaraq qorunmuş atım fraksiyalı ürək çatışmazlığı askarlana bilər ki, bunulada erkən önəmli qərarlar alınmasını təmin etmək mümkündür. 

Şəkillər

Açar sözlər

İstinadlar

1. Abdel-Qadir H. A population-based study of cardiovascular mortality following early-stage breast Cancer / H. Abdel-Qadir, P.C. Austin, D.S. Lee [et al.] // JAMA Cardiol, -  2017. v. 2, no 1, - p. 88–93.
2. Alexander R.L. 2022 ESC Guidelines on cardio-oncology developed in collaboration with the European Hematology Association (EHA), the European Society for Therapeutic Radiology and Oncology (ESTRO) and the International Cardio-Oncology Society (IC-OS) / R.L. Alexander, L.F. Teresa, S.C. Liam [et al.] //
Eur Heart J, - 2022. v. 43, no 41, - p. 4229-4361. 
3. Armstrong G.T. Modifiable risk factors and major cardiac events among adult survivors of childhood cancer / G.T. Armstrong, K.C. Oeffinger, Y. Chen [et al.] // J Clin Oncol, - 2013. v. 31, p. 3673–3680.
4. Cardinale D.  Role of biomarkers in chemotherapy-induced cardio- toxicity / D. Cardinale, M.T. Sandri // Prog Cardiovasc Dis, - 2010. v. 53, p. 121–129.
5. Drafts B.C. Low to moderate dose anthracycline-based chemotherapy is associated with early noninvasive imaging evidence of subclinical cardiovascular disease / B.C. Drafts, K.M. Twomley, R.Jr. D’Agostino // JACC Cardiovasc Imaging, - 2013. v. 6, p. 877 –885.
6. Ewer M.S. Cardiotoxicity of anticancer treatments / Ewer M.S. // Nat Rev Cardio, - 2015. v.12, p. 620.
7. Ferlay J. Cancer incidence and mortality patterns in Europe: estimates for 40 countries in 2012 / J.Ferlay, E. Steliarova-Foucher, J. Lortet-Tieulent [et al.] // Eur J Cancer, - 2013. v. 49, p. 1374–1403.
8. Henriksen P.A. Anthracycline cardiotoxicity: an update on mechanisms, monitoring and prevention / P.A. Henriksen // Heart, - 2017.v. 2, p. 89.   
9. https://gco.iarc.fr/today. Accessed 30 June 20.
10. Khouri M.G. Cancer therapy-induced cardiac toxicity in early breast cancer: addressing the unresolved issues / M.G. Khouri, P.S. Douglas, J. R. Mackey [et al.] // Circulation, - 2012. v.126, p. 2749 – 2763.
11. Mackey J.R. Adjuvant docetaxel, doxorubicin, and cyclophosphamide in node-positive breast cancer: 10-year follow-up of the phase 3 randomised BCIRG 001 trial / J.R. Mackey, M. Martin, T. Pienkowski [et al.] // Lancet Oncol, - 2013. v. 14, p. 72 –80.
12. Mehta L.S.  Cardiovascular Disease and Breast Cancer: Where These Entities Intersect: A Scientific Statement From the American Heart Association / L.S.  Mehta, K.E. Watson, A. Barac [et al.] // Circulation, - 2018. v. 137, no 8, e30–e66.
13. Rebecca D. BSE and BCOS Guideline for Transthoracic Echocardiographic Assessment of Adult Cancer Patients Receiving Anthracyclines and/or Trastuzumab / D. Rebecca, K.G. Arjun, K. Bonnie [et al.] // JACC: CARDIOONCOLOGY, -2021. v. 3, no 1, p. 1-16.
14. Sung H.  Global cancer statistics 2020: GLOBOCAN estimates of incidence and mortality worldwide for 36 cancers in 185 countries / H.Sung, J. Ferlay, R.L. Siegel [et al.] // CA Cancer J Clin, - 2021. v. 71, p. 209–249.
15. Suter T.M.Cancer drugs and the heart: importance and management / T.M. Suter, M.S. Ewer // Eur Heart J, - 2013. v. 34, p. 1102 –1111.
16. Yu A.F. Trastuzumab interruption and treatment-induced cardiotoxicity in early HER2-positive breast cancer / A.F. Yu, N.U. Yadav, B.Y. Lung [et al.] // Breast Cancer Res Treat, - 2015. v. 149, p. 489–495. 
17. Zamorano J.L. 2016 ESC Position Paper on cancer treatments and cardiovascular toxicity developed under the auspices of the ESC Committee for Practice Guidelines / J.L. Zamorano, L. Patrizio, A. Victor [et al.] // European Heart Journal, - 2016. v. 37, p. 2768–2801.
18. Zhang S. Identification of the molecular basis of doxorubicin-induced cardiotoxicity / S. Zhang, X. Liu, T. Bawa-Khalfe [et al.] // Nat Med, - 2012. v. 18, p. 1639 –1642.

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 28.Jun.2025

Müəllif hüququ

© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

AÇİQ ARTERİAL AXACAĞIN NADİR AĞIRLAŞMASI: YAVAŞ KORONAR AXIN NƏTİCƏSİNDƏ YARANAN MƏDƏCİK ARİTMİYASI

Baxılıb: 28