Abstrakt
Tədqiqatda ürəyin mitral və üçtaylı qapaqlarında kiçik idiopatik inkişaf anomaliyaları (ÜKİA) olan uşaqlarda miokardın elektrik və funksional remodelləşmə xüsusiyyətləri öyrənilmişdir. 200 nəfər ÜKİA olan uşaqlar ExoKQ müayinəsinin nəticələrinə əsasən 2 qrupa bölünmüşdür. I qrupa mitral qapağın qapaqaltı strukturunda kiçik inkişaf anomaliyası (MQKİA) olan 108, II qrupa isə üçtaylı qapağında kiçik inkişaf anomaliyası (ÜQKİA) olan 92 uşaq daxil edilmişdir. Uşaqlarda mitral və trikuspidal qapaqlarında kiçik inkişaf anomaliyası olan zamanı ürək əzələsinin bioelektrik homogenliyinin (QTmax, QTmin, QTorta, QTc( QT korreksiya olunmuş), dQT (QT-nin dispersiyası)), mədəciklərin morfometrik (SolMdD (sol mədəciyin diastolik diametri), SolMsD (sol mədəciyin sistolik diametri), SağMdD(sağ mədəciyin diastolik diametri),SağMdH ( sağ mədəciyin diastolik həcmi)) və funksional (%S ( sol mədəciyin erkən sistolada ylğılma surəti), SMADNQ (sol mədəciyin arxa divarının nisbi qalınlığı), MAÇNQ (mədəciklərarası çəpərin nisbi qalınlığı))) və eləcə də mərkəzi hemodinamikanın həcm (SolMsH (sol mədəciyin sistolik həcmi), SolMdH (sol mədəciyin diastolik həcmi), VH (vurğu həcmi), DH (dəqiqəlik həcm)) parametrlərinin vəziyyətinin öyrənilməsi müxtəlif istiqamətli və səciyyəli davamlı dəyişmələrini aşkar etmişdir.
Əsas mətn
Problemin aktuallığı
Müxtəlif patofizioloji amillərin təsirinə cavab reaksiyası olaraq ürəyin remodelləşmə konsepsiyasının formalaşması müasir kardiologiyanın nailiyyətlərindən biridir [1-3]. Ürəyin remodelləşməsi geniş anlayışda həyat qabiliyyətinə malik miokardın, müəyyən hissəsinin fəaliyyətinin davamlı dəyişilməsinə səbəb olan təsiredici amilə cavab olaraq elektrik homogenliyinin və onun geometrik strukturu və funksional dəyişiklərinin kompleks şəkildə pozulması kimi başa düşülür [4 - 6]. Ədəbiyyat məlumatlarına görə mədəciklərin həndəsi struktur ölçülərinin pozulması ürək patologiyasının əsasında olan etioloji amilə deyil, həmin səbəbə cavab olaraq müddət keçdikcə mədəcik və qulaqcıqların morfoloji strukturunun proqressivləşən dəyişilməsi ilə əlaqədar olur [7 - 9].
Bu baxımdan ürəyin kiçik inkişaf anomaliyası (ÜKİA) zamanı müxtəlif yaşlı uşaqlarda dinamik inkişaf etməkdə olan ürək şöbələrinin geometriyasının öyrənilməsi və miokardın başlanğıc elektrik sabitliyinin və funksional pozulmaların ilkin əlamətlərinin aşkar edilməsi xronik koronar xəstəliklərin profilaktikasında aparıcı istiqamətlərdən biri sayılır [10, 11]. Tədqiqat işi ürəyin mitral və üçtaylı qapaqlarında idiopatik kiçik inkişaf anomaliyaları olan uşaqlarda miokardın elektrik və funksional remodelləşmə xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə aparılmışdır.
Tədqiqatın material və metodları. Tədqiqata məktəb yaşında olan (6-17 yaş) 240 uşaq daxil edilmişdir. Bunlardan 200 nəfərdə ürəyin kiçik inkişaf anomaliyası (ÜKİA) olmuşdur. Qalan 40 nəfəri eyni yaşda praktiki sağlam olmaqla kontrol qrupunu təşkil etmişdir. Bütün uşaqlarda ümumi klinik (subyektiv müayinə, antropometriya, somatometriya) və instrumental (EKQ, ExoKQ) müayinə üsulları aparılmışdır. Alınan nəticələrin təhlili statistik olaraq qeyri- parametrik Mann- Whitney üsuluna əsasən aparılaraq etibarlılıq dərəcəsi açkar edilmişdir. ÜKİA olan uşaqlar ExoKQ müayinəsinin nəticələrinə əsasən 2 qrupa bölünmüşdür. I qrupa mitral qapağın qapaqaltı strukturunda kiçik inkişaf anomaliyası (MQKİA) olan 108, II qrupa isə üçtaylı qapağında kiçik inkişaf anomaliyası (ÜQKİA) olan 92 uşaq daxil edilmişdir. MQKİA qrupuna ExoKQ müayinəsində hemodinamik əhəmiyyətli olmayan mitral qapağın prolapsı, ÜQKİA qrupuna isə üçtaylı qapağında prolapsı olan məktəblilər daxil edilmişdir. Məktəbli uşaqlar yaşdan asılı olaraq 6-11 (kiçik məktəb yaşlı) və 12-17 (böyük məktəb yaşlı) yaş qruplarına bölünmüşdür. MQKİA olan məktəblilərdən 42 nəfəri 6-11,66 nəfəri 12-17 yaşlı; ÜQKİA olan qrupda isə 40 nəfəri 6-11, qalan 52 nəfəri isə 12-17 yaşlı olmuşdur. Miokardın bioelektrik fəallığının sabitliyinin remodelləşməsi qeyi-invaziv informativ üsul olan QT intervalının təhlilinə əsasən öyrənilmişdir.QT intervalının statistik riyazi təhlili Avropa Kardioloqlar Assosiasiyasının tövsiyyələrinə əsasən uşaqların horizontal vəziyyətində 5 dəqiqilik istirahətdən sonra 12 standart EKQ aparmalarında aparılmış və QTc, QTd, QTmax., QTmin., QTorta indekslərinin qiymətləri dəyərləndirilmişdir.
Uşaqlarda miokardın funksional remodelləşmə xüsusiyyətləri ExoKQ -nin köməyilə təyin edilmişdir. ExoKQ də hər iki mədəciyin daxili son sistolik (morfometrik SolMsD, SağMsD; həcm - SolMsH, SağMsH), son diastolik (morfometrik SolMdD, SağMdD; həcm - SolMdH; SağMdH) parametrləri, sol mədəciyin arxa divarının (SMADNQ) və mədəciklərarası çəpərin (MAÇNQ) sistola və diastolada nisbi qalınlıqları, vurğu (VH) və dəqiqəlik (DH) həcmləri (onların indeksləri), qovulma fraksiyası (QF%) həmçinin %S, miokardın sirkulyar qısalma surəti (SQsurəti), miokardın orta (Vorta) və normalaşdırılmış orta (nVorta) yığılma surətləri təyin edilmişdir.
Nəticələr və onların müzakirəsi. QT intervalının orta statistik davam etmə müddəti MQKİA olan uşaqlarda praktik sağlam olanların uyğun qiymətindən (346.28 mmsan) qrup üzrə 1,07% (p˃0,05), ÜQKİA qrupunda müqayisə səviyyədən 0,92% (p˃0,05) artıq olmuşdur. Yuxarı yaşlı MQKİA olan uşaqlarda QTmax qiymətinin uzanması ÜQKİA olan uşaqların həmyaşıdlarının müvafiq qiymətlərilə müqayisədə qrup üzrə bir qədər yuxarı səviyyədə özünü biruzə vermişdir. MQKİA olan uşaqlarda QTmax orta qiymətinin uzanması həm ÜQKİA, həm də praktiki sağlam uşaqlar qrupunun(358.44mmsan) orta həddindən artıq olsa da fərqlənmə müqayisədə dürüst deyidir (p˃0,05). QTmin səviyyəsi qrup üzrə orta qiymətlərinin nəzarət qripu ilə müqayisəsi MQKİA olan məktəblilərdə orta hesabla 0,93% (p˃0,05), ÜQKİA qrupunda isə 0,86% (p˃0,05) olmuşdur.Göründüyü kimi qruplar üzrə QTmax və QTmin orta qiymətlərinin uzanması QTorta ingreksinin müqayisə qrupunun uyğun indeksi ilə bərabər səviyyədə saxlanılmasını şərtləndirmişdir. Ədəbiyyat məlumatlarına görə dQT indeksi miokardın elektrik homogenliyinin sabitliyinin pozulmasının və remodelləşməsinin əsas göstəricilərindən biri sayılır [3,11]. Bu parametr MQKİA olan uşaqlarda 2,03% (p<0,05) artmaqla dürüst olsa da ÜQKİA olan məktəblilərdə nisbətən aşağı - 0,68% artmaqla müqayisə qrupunun(362.34mmsan) uyğun indeksi ilə demək olar ki, eyni səviyyədə qalmışdır (p˃0,05). Göründüyü kimi QTmin, QTmax qiymətlərinin geniş diapazonda tərəddüd etməsi miokardda repolyarizasiya prosesində remodelləşmənin başlanılmasını və davamlı olaraq bioelektrik fəallığının qeyri-sabitliyini sübut edir.
QT intevalının indekslərinin ÜKİA olan məktəblilərdə qruplar üzrə statistik təhlil zamanı anomaliyanın variantından asılı olaraq praktiki sağlam qrupun müvafiq göstəricilərindən dürüst fərqlənməsə də, QTmax və QTmin davam etmə müddətlərinin dəyişkən olmaqla artmağa meyilli olması və dQT-nin dürüst olaraq tərəddüd etməsinə səbəb olması, həmin uşaqlarda miokardın elektrik homogenliyində qeyri sabitliyin olmasını şərtləndirən amil kimi qiymətləndirilə bilər. Aritmoloqların gəldikləri nəticələrə görə isə QT-intervalının indekslərinin dəyişilməsinin uzun müddət saxlanılması gələcəkdə müxtəlif patoloji hallarda təhlükəli mədəcik aritmiyalarının yaranması üçün əsas risk amili hesab edilir [2, 7].
ÜKİA olan uşaqlarda ExoKQ-nin morfometrik və həcm parametrlərinin müqayisəsi göstərdi ki, SolMdD və SolMdH səviyyəsi hər iki qrup məktəblilərdə nəzarət qrupunun uyğun qiymətlərindən bir qədər yüksəkdir (9-14% ,P<0,05). SolMsD və SolMsH parametrlərinin ÜQKİA olan uşaqlarda qruplarda nəzarət qrupunda olduğu səviyyədə saxlanmasına baxmayaraq MQKİA olan məktəblilərdə müəyyən qədər azlmağa meylli olması baş vermişdir. Təhlildən aydın oldu ki, bu əsasən sol mədəciyin arxa divarının hərəkət amplitudasının artması hesabına baş vermişdir. Hər iki qrup məktəblilərdə sağ mədəciyin morfometrik (SağMsD,SağMdD) və həcm indekslərinin (SağMsH, SağMdH) kişik tərəddüdlərdə dəyişilməsinə baxmayaraq, orta statistik olaraq dürüstlük müşahidə edilməmişdir. VH və DH göstəricilərinin qruplar üzrə dəyişməsi 6-11 yaşlı yaşlı məktəblilərdə nəzarət qrupunun orta ststistik parametrlərindən fərqlənməsə də, böyük yaşlı uşaqlarda MQKİA və ÜQKİA olanların əksərində orta hesabla 5-8% artmışdır (р>0,05). Miokardın yığılma qabiliyyətini səciyyələndirən %S, SQsurəti, nVorta gostəricilərinin təhlilində ÜQKİA-da qrup üzrə əhəmiyyətli dərəcədə fərqlənmə aşkar edilməmişdir. MQKİA olan uşaqların əksərində %S, SQsurəti, nVorta gostəricilərinin azalması (qrup üzrə orta hesabla 7-11%; P<0,05) müşahidə edilir.
SMADNQ parametrinin sistola və diastolada dəyişilmə xüsusiyyəti ÜKİA-nın variantlarından asılı olaraq fərqlənmişdir. SMADNQd qalınlaşma dərəcəsi kiçik məktəb yaşlı ÜQKİA olan məktəblilərdə praktiki sağlam uşaqların müvafiq həddləri hüdudunda olsa da, MQKİA olanlarda qrup üzrə orta hesabla 4-6% artmağa meylli olmuşdur. Bu fərq 12-17 yaşlı məktəblilərin müvafiq göstəricilərində saxlanılsa da statistik olaraq dürüstlük müşahidə edilməmişdir (р>0,05). SMADNQs indeksinin qiymətləri ÜQKİA olan məktəblilərin hər iki yaş qrupunda normativ parametrlərindən kənara çıxmamış, MQKİA olan məktəblilərni 12-17 yaş qrupunda 8-10% yüksək olmuşdur. Bu sonuncularda sol mədəciyin arxa divarının sistola mərhələsində qalınlaşma dərəcəsinin nisbətən intensivləşməsini göstərməklə funksional remodelləşməyə meylliyin başlanması əlamətlərinin mövcudluğunu şərtləndirir [12, 13].
Müayinəyə cəlb olunmuş uşaqlarda mədəcikarası çəpərin sistolada nisbi qalınlığını əks etdirən parametrin dəyişməsi, arxa divarın eyni göstrəicisinin reaksiyasına oxşar olmuşdur. Belə ki, MAÇNQs indeksi bütün qruplarda artmağa meylli olmuşdur. ÜQKİA olan uşaqların hər iki yaş qrupunda mədəcikarası çəpərin sistolada nisbi qalınlıq göstəricisi optimal səviyyədə saxlanılsa da, MQKİAlı uşaqlarda uyğun olaraq nəzarət qrupunun analoji parametrindən statistik 7-10% yüksəlmişdir. Bununla yanaşı ÜQKİA olan məktəblilərdən fərqli olaraq MQKİA olan uşaqların əksərində MAÇNQd indeksinin 5-8% azalması, statistik təhlil zamanı 12-17 yaş qrupu üzrə praktiki sağlam uşaqların müvafiq göstəricisi ilə müqayisədə dürüst fərq vermişdir (P<0,05). Göründüyü kimi yuxarı yaşlı məktəblilərdə mədəcikarası çəpərin diastolada nisbi qalınlıq indeksinin azalması, kompensator olaraq sistolik qalınlaşma indeksinin artması hesabına baş vermişdir. Mədəcikarası çəpərin diastolik qalınlaşma indeksin bu cür dəyişilməsi və onun sonralar dinmikada müşahidə edilməsi MQKİA olan uşaqlarda intrakardial hemodinamikanın stabil saxlanmasına yönəlmiş funksional remodelləşmənin ilkin elementləri kimi dəyərləndirilə bilər [12, 13]. Beləliklə, uşaqlarda mitral və trikuspidal qapaqlarında ÜKİA olan zamanı ürək əzələsinin bioelektrik homogenliyinin (QTmax, QTmin, QTorta,QTc, dQTd), mədəciklərin morfometrik (SolMdD, SolMsD, SağMdD,SağMdH) və funksional (%S, SQsurəti, nVorta, SQ surəti, SMADNQ, MAÇNQ) və eləcə də mərkəzi hemodinamikanın həcm (SolMsH, SolMdH, VH, DH) parametrlərinin vəziyyətinin öyrənilməsi müxtəlif istiqamətli və səciyyəli dəyişmələrini aşkar etməklə, onların davamlı olaraq saxlanılması kardial strukturların fəaliyyətində funksional remodelləşmənin başlanılmasını göstərir.
Şəkillər
Açar sözlər
İstinadlar
1.Andersen O.S., Smiseth O.A., Dokainish H. et al. Estimating Left Ventricular Filling Pressureby Echocardiography // J. Am. Coll. Cardiol. – 2017. – Vol. 69, №15. – P. 1937–1048.
2.Begic Z., Begic E., Mesihovic-Dinarevic S. et al. The use of continuous electrocardiographic holter monitoring in pediatric cardiology. // Acta Informatica Medica. 2016. Vol. 24, № 4. P. 253-256.
3.Hannibal G.B. Hasanien A.A., Pickham D. ECG Challenges: Measurement and Rate Correction of the QT Interval. AACN Advanced Critical Care 2013;24(1):90–6.
4.Нечесова, Т.А. Ремоделирование левого желудочка: патогенез и методы
5.Попов С.В. и др. Эффективность эндокардиальной радиочастотной аблации тахиаритмий у детей первого года жизни. // Вестник аритмологии. -2012; №67; стр. 5-10.
6.Столина М.Л., Шегеда М.Г., Катенкова Э.Ю. Нарушения сердечного ритма у детей и подростков. // Тихоокеанский Медицинский Журнал, 2019, № 4 стр.14-28
7.Арсентьева Р.Х. Синдром удлиненного интервала QT // Вестник современной клинической медицины. – 2012. – Т. 5. – №. 3.
8.Арсентьева Р. Х. Синдром удлиненного интервала QT // Вестник современной клинической медицины. 2012. - Т..5, № 3. - С..69-74.
9.Артюхов, И.П. Клинико-социальные аспекты нарушений ритма и проводимости сердца у детей / И.П. Артюхов, М.Ю. Галактионова // Рос. педиатрический журнал. - 2010. - № 2. - С. 20-24.
10.Кандилова В.Н. Ремоделирование сердца и сосудов при артериальной гипертензии: роль сопутствующего ожирения // Клиницист. 2020. Т. 14. № 1–2. С. 62–72.
11.De Simone G. Cardiovascular risk in relation to a new classification of hypertensive left ventricular geometric abnormalities. // J. Hypertens. 2015; №33(4);Р.745-754.
12.Шарыкин А.С., Иванова Ю.М., Павлов В.И., Бадтиева В.А. Варианты ремоделирования сердца у детей и подростков в игровых видах спорта. // Педиатрия/ 2016/Том 95/№3. Стр. 65-68.
13.Шарыкин А.С., Трунина И.И., Карелина Е.В., Тележникова Н.Д. Варинты ремоделирования левого желудочка у подростков с ьььартериальной гипертензией. // Педиатрия/2016/Том/95/№3.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 28.Jun.2025
Müəllif hüququ
© 2013-2025. Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi nəşri. Jurnal "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 25

