Məqalədə qulaqcıqların fibrilyasiyasının (QF) əmələ gəlməsində rolu olan qulaqcıqların struktur remodelləşməsinə və fibrozuna aid olan məsələlər müzakirə edilir.QF-nın əmələ gəlməsinin əsas risk faktorları ürəyin işemik xəstəliyi, arterial hipertenziya,mitral qapaq qüsurları ,ürək çatışmazlığı və bəzi ekstrakardial səbəblərdir. Əsas diqqət sol qulaqcığın (SQ) funksiyasını göstərən onun gərilməsi və deformasiyasına verilmişdir. Bu amillər SQ-ın nasos funksiyasının depressiyasında həlledici rol oynayır. Qeyd edilmişdir ki, SQ -ın genişlənməsi və onun miokardının fibrozu QF-nın əmələ gəlməsində xüsusi yer tutur. Qulaqcıq fibrozunun inkişafının əsas səbəblərindən biri isə lektin qrupundan olan fibroblastların aktivləşməsində və kollagen sintezində iştirak edən qalektin-3 hesab edilir.Bundan əlavə məqalədə fibrozun və ürək çatışmazlığının əmələ gəlməsində iştirak edən digər amillərə də , yəni renin-angiotenzin-aldosteron və TG F-β1 kimi neyrohumoral faktorların iştirakı da diqqətə çatdırılmışdır. Göstərilmişdir ki, aldosteron fibrogen amillərin sintezini tənzim edərək fibroblastların aktivləşməsinə gətirib çıxarır. Beləliklə ,fibrozun əmələ gəlmə mexanizmlərinin dərk edilməsi, onun markerlərinin təyin edilməsi ,QF prediktorlarının aşkar edilməsi QF -nın risk qruplarının vaxtında təyin edilməsinə və bu aritmiyanın profilaktikası üçün zəmin yaratmış olacaqdır.